İlham Əliyevdən məmurlara DƏRS: Yeni vəzifəlilər üçün prezidentdən 7 ŞƏRT
Noyabrın 12-si prezident İlham Əliyev tərəfindən həyata keçirilən kadr islahatları ilə yadda qaldı. Belə ki, prezidentin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi, Nəsimi, Balakən, Göyçay, Qax, Göygöl və Kürdəmir rayonlarına yeni icra hakimiyyəti başçıları təyin edildi.
Yeni təyinatlardan sonra prezidentin keçirdiyi iclas və orada səsləndirdiyi fikirlər isə Azərbaycan ictimaiyyətinin uzunmüddətli gözləntilərini qarşıladı. Prezident İlham Əliyevin hər cümləsi xalqın bütün problemlərindən xəbərdar olduğunu və onların həlli istiqamətində çalışdığını aydın şəkildə göstərdi.
Prezidentin iclasda səsləndirdiyi fikirləri ardıcıl şəkildə analiz etsək, ortaya belə bir tezis ardıcıllığı çıxır:
– Hər bir məmur xalqa xidmət etməlidir;
– Məmurlar sadə həyat tərzi yaşamalıdır;
– Heç bir halda qanunsuz hərəkətlərə, korrupsiyaya və rüşvətxorluğa yol verilməməlidir;
– Sosial ədalət prinsipi qorunmalıdır;
– Bölgələrdəki işsizlik problemi həll edilməlidir;
– Ekologiya mütləq şəkildə qorunmalıdır;
– Bölgələr ən yüksək standartlara cavab verməlidir.
Əslində, 7 bənddən ibarət problem/həll ardıcıllığı Azərbaycan Prezidentinin ölkənin hər bir regionuna hakim olduğunun göstəricisidir. Xüsusilə məmur özbaşınalığını və yerlərdə sadə vətəndaşların incidilməsi məsələsinə toxanan İlham Əliyevin səsləndirdiyi fikirlər, bildirdiyi iradlar və etdiyi xəbərdarlıqlar sadəcə iclasda iştirak edən məmurlar üçün yox, ümumilikdə bütün dövlət qulluqçuları və vəzifəlilər üçün yol xəritəsi səciyyəsi daşıyır.
Bundan başqa, regionlarda hələ də işsizlik probleminin olduğunu bildirən və bunun aradan qaldırılmasının vacibliyinə toxunan İlham Əliyev məmurların qarşısında konkret şərt qoyaraq bölgələrin sosial-iqtisadi cəhətdən inkişafının onlar üçün prioritet olmasını xüsusilə qeyd etdi. Prezidentin bu tapşırığını onun öz fəaliyyətində görmək mümkündür.
Yaxın keçmişdə III MDB Oyunlarının Gəncədə, Türk Dövlətləri Təşkilatının Zirvə görüşünün Qəbələdə keçirilməsi prezidentin məmurlar qarşısında qoyduğu şərtləri, ilk növbədə, özünün həyata keçirdiyini deməyə əsas verir. Bu da bütün məmurlar üçün dərs və nümunə olmalıdır!
“Yeni Çağ” Analitika Qrupu












