İlham Məmmədov şöbə müdiri təyin olundu
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin keçmiş müdiri İlham Məmmədov fəaliyyətini özəl sektorda davam etdirməyə qərar verib.
İlham Məmmədova “Veysəloğlu” Şirkətlər Qrupundan iş təklifi gəlib. Əməkdaşımız İlham Məmmədovla əlaqə saxlayaraq məlumata münasibət öyrənib: “Bəli işdən çıxdığım müddət ərzində bir neçə dəvət gəlib ki, bunların da içərisində “Veysəloğlu” Şirkətlər Qrupu xüsusi diqqətimi cəlb etdi. Bu şirkət tərəfindən İctimaiyyətlə əlaqələr şöbəsinə müdir vəzifəsinə dəvət olundum və bu dəvəti qəbul etdim. Şirkətin rəhbərliyi ilə ilk görüşümdən burada işçilərə yaradılan iş şəraiti, nizam intizam, əməkdaşlara olan diqqət və qayğı məndə şirkət haqqında çox müsbət təəssürat yaratdı. Bir jurnalist və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis olaraq üzərimə düşən işi layiqincə yerinə yetirməyə çalışacağam.”
Qeyd edək ki, İlham Məmmədov 2000-2010 illər ərzində “Azadinform” İnformasiya Agentliyinin İqtisadiyyat şöbəsinin müdiri olub. 2007-2008-ci illərdə “Yeni İqtisadiyyat” jurnalında informasiya şöbəsinin müdiri kimi çalışıb. 2010-2011-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində məsləhətçi, 2011-2012-ci illər ərzində nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini və ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib. 2012-ci ildən 2014-cü ilin əvvəlinə kimi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.
İlham Məmmədov nazirlikdəki fəaliyyəti dövründə media ilə işləyən ən yaxşı mətbuat katiblərindən biri kimi yadda qalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhz İlham Məmmədovun fəaliyyəti dövründə ictimaiyyətlə əlaqələrini quraraq mətbuata açıqlığının başlanğıcını qoyub.
İlham Məmmədova gələcək fəaliyyətində uğurlar arzu edirik.