Bu gün mərhum xalq artisti İlhamə Quliyevanın doğum günüdür. Sağ olsaydı, sevənlərini başına yığıb, 74 yaşının sevincini yaşayacaqdı. Bu gün də doğmaları onun doğum gününü qeyd edirlər, amma… kədər içində.
Xalq artistinin bacısı Gülbahar xanım Yenicag.az-a açıqlama verərək, İlhamə Quliyevanı gözyaşları içərisində xatırlayıb:
“İlhamə çox gözəl bacı idi, indi həyatda yoxdur deyə, onu tərifləmirəm. Həqiqətən də ürəyi böyük insan, əsl xanım idi. Biz ondan icazəsiz bir iş görməzdik, həmişə məsləhətləşərdik. Bizə həmişə yol göstərib, arxa-dayaq olub. İlhamə heç vaxt ölüm barədə düşünmürdü. Hərdən ona deyəndə ki, “ay İlhamə, beşgünlük dünyadır”, – əsəbiləşirdi; xoşu gəlmirdi bu sözlərdən. Bəlkə də bu dünyadan köçəcəyini bilsəydi, bizdən bir addım da kənar olmazdı. Yuxuma girəndə də onu gülərüz, xanım-xatın görürəm. Bizimkilərdən kim onu yuxuda görürsə xeyir tapır”.
Gülbahar xanım son nəfəsində bacısının yanında olmadığına görə yanıb-yaxıldığını deyir:
“Bacım öləndə yanında olmadıq. Kaş ki, son nəfəsində yanında olaydım, biləydim ürəyində nə dərdi-sözü var. Bəlkə də son nəfəsində mənə nəsə deyəcəkdi. “Bəlkələr” məni yandırıb-yaxır, çox incidir. Ölümündən iki gün əvvəl bacım, gəlinimiz yanında olub, söhbətləşib, dərdləşiblər. Onlara deyib ki, yaxşı planlarım var, elə layihələr edəcəm ki, hamı məndən danışacaq. O, həmişə tək yaşamağı xoşlayırdı, amma tənha qadın deyildi. Qonaq-qaranı sevirdi, gəlib-gedəni çox olurdu. Bacım gözəl insan idi. Adı əsl sənətkar kimi tarixə yazıldı. Bu ölüm məni çox ağrıdır. Hələ də onun yoxluğu ilə barışa bilmirəm”.
Cəvahir
www.yenicag.az