İsveçrədə yerləşən Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) tədqiqatçılar qrupu “WorldWideWeb” adlı dünyanın ilk brauzerini yenidən istifadəyə verib.
Yenicag.az “ICTnews”a isinadən xəbər verir ki, 1990-cı ildə internet yaradıcısı Tim Berners-Li tərəfindən “CERN” əməkdaşları üçün hazırlanan proqram “NeXTSTEP” platforması üzərində işləyib. İndi isə istənilən şəxs müasir internetə 1990-cı illərin prizmasından baxa bilər.
Məlumata görə, mərkəz mütəxəssislərinin səyi nəticəsində hazırda dünyanın ilk “WorldWideWeb” internet brauzerindən brauzer vasitəsilə yararlanmaq mümkündür. Bu, 1990-cı illərin proqramlarını, o cümlədən “NeXT” kompüterinin şriftlərini tam təkrarlayan onlayn simulyatordur. Mütəxəssislərin sözlərinə görə, layihə 5 gün ərzində yaradılıb.
Bildirilir ki, “WorldWideWeb” brauzeri yaranan zaman internetdə multimedia kontentinin mövcud olmaması ilə əlaqədar olaraq brauzerin səhifələrində yalnız mətnlər göstərilir. İnterfeys və mətn monoxromdur: “NeXT” kompüteri həmin dövrdə rəngli monitorları dəstəkləməyib.
“WorldWideWeb” brauzerində adi ünvan sətrinin mövcud olmamasına görə sayta keçid almaq üçün “Document” menyusuna daxil olaraq “Open from full document reference” bəndini seçmək tələb olunur. Burada ünvanı yazaraq “Open” üzərinə vurmaq lazımdır. Səhifədə ünvanların açılması üçün onların üzərinə iki dəfə basılır.
www.yenicag.az