Məhərrəm Zülfüqarlı: “İndiki şəraitdə test prosesinin təkmilləşdirilməsi tərəfdarıyam”
Son zamanlar rəsmi dairələrdə ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə verilməsinin ləğv edilə biləcəyinə dair fikirlər səslənməkdədir. Ən azından təhsil naziri Nikayıl Cabbarovun son açıqlaması belə düşünməyə əsas verir. Belə ki, o ANS TV-yə açıqlamasında test üsulu ilə imtahan verilməsi sisteminin ləğv ediləcəyinə işarə vurub: “Növbəti bir neçə ildə imtahanların forma və mahiyyətində heç bir dəyişiklik gözlənilmir. Lakin gələcək illərdə bu forma dəyişməlidir.
Yeni tədris sistemi ilə oxuyan məzunlarımız 3 ildən sonra məktəbi bitirirlər. Onların biliyini testlə qiymətləndirmək doğru deyil. Onların biliklərinin qiymətləndirilməsi fərqli sistem tələb edir”.
Nazir bildirib ki, hazırda qiymətləndirmə standartları adlandırılan yeni layihə üzərində iş aparılır. Bu sistem Rusiyada da mövcuddur və vahid dövlət imtahanı adlandırılır.
Görəsən, indiki şəraitdə test imtahanlarının ləğv edilməsi nə dərəcədə məqbuldur? Bu addım testdən qabaq qəbul sistemində mövcud olan neqativ halların yenidən baş qaldırmasına şərait yaratmayacaq ki?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən təhsil eksperti Məhərrəm Zülfüqarlı yaxın gələcəkdə imtahanların test üsulu ilə keçirilməsindən imtina edilməsinin daha çox neqativ hallara gətirib çıxaracağını bildirdi. Amma eyni zamanda ekspert onun təkmilləşdirilməsi və dəyişdirilməsinə də zərurətin yetişdiyi qənaətindədir: “1992-ci ildən imtahanların test üsulu ilə keçirilməsinə müsbət yanaşmışam. Sovet dövründə təhsildə neqativ hallar olduğuna görə imtahanların keçirilməsinin məhz bu üsuluna keçmişdilər. Azərbaycanda yoxsul ailələrin övladlarının təhsilə marağının artmasında test üsulunun böyük rolu olub. Amma bilirsiniz ki, həmin sistem keçid dövrü üçün nəzərdə tutulub. Keçid dövrü isə çox uzanıb. Test üsulunun tətbiq edilməsinin keçən müddəti ərzində hazırda onun təkmilləşdirilməsinə və yaxud dəyişdirilməsinə ehtiyac vardır. Çünki ildən-ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahan suallarını daha da çətinləşdirir. Ölkəmizdə habelə son illər qonşu ölkələrin universitetlərinə imtahansız tələbə qəbulu üzrə reklamlar geniş yayılıb. Bu da ona gətirib çıxarır ki, yaranmış boşluqlardan qonşu dövlətlər istifadə edir və Azərbaycan gənclərinin həmin ölkələrdəki nisbətən aşağı səviyyəli ali təhsil ocaqlarına axını başlayır. Belədə yerli universitetlərimiz gələcəkdə problemlərlə qarşı-qarşıya qala bilərlər. Ona görə düşünürəm ki, Azərbaycanda universitetlərə qəbul sadələşdirilməli, təhsildə isə neqativ hallar aradan qaldırılmaqla daha da ciddiləşdirilməlidir. Belə olarsa , gənclərimizin də qonşu ölkələrin ali təhsil müəssisələrinə axını da azalar. Lakin indiki şəraitdə test prosesinin təkmilləşdirilməsi tərəfdarıyam. Gələcəkdə ola bilsin dövlət sifarişindən əlavə, universitetlərə özlərinin də qəbul keçirmələrinə imkan verilsin. Test üsulundan indilikdə imtina əvvəllər təhsildə mövcud olan neqativ məqamların yenidən təkrarlanmasına gətirib çıxara bilər. Hələ də bir çox ali məktəblərdə rüşvətxorluq, yerlibazlıq, qohumbazlıq, tapşırıq kimi neqativ hallar qalmaqdadır. Fikrimcə, Təhsil Nazirliyi testin ləğv olunmasının tədricən aparılmasını istəyir. Amma bunun üçün də dövlətçiliyə bağlı olan kadrların çox olması vacibdir. Təəssüf ki, bir sıra səlahiyyətli qurumlar məsələyə hələ də öz şəxsi maraqları prizmasından yanaşmaqda davam edirlər. Belədə hələlik məsələ ətrafında ortaq məxrəcə gəlmək olmur. Qonşu Gürcüstanda korrupsiya, rüşvətxorluq kimi neqativ halları aradan qaldırmaq mümkün olubsa, Azərbaycanda da bunu etmək olar. Təki siyasi iradə ortaya qoyulsun. Yeniləşmə olmalıdır, universitet rektorluğuna yeni gənc kadrlar gəlməlidir, digər səlahiyyətli qurumlarda da müasir dünyagörüşə, Vətənə bağlı insanlar olarsa, neqativ hallar da aradan qalxar. Amma sözdə düzlükdən danışıb, əməldə başqa işlərlə məşğul olan köhnə kadrlarla problemi həll etmək mümkün olmayacaq”.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də Yenicag.az-a açıqlamasında test üsulunun ləğvinin yolverilməz olduğunu, bunun yeni rüşvət mənbəyinə yol açdığını söylədi: “İmtahanların testlə verilməsindən imtina edilməsi düzgün yanaşma deyil. Təhsil naziri bu fikri ortaya atsa da, nədən test üsulunun ləğv ediləcəyini heç cürə əsaslandıra bilməyib. Test üsulunun əsası Elçibəy hakimiyyəti dövründə qoyulub və təhsildə qiymətləndirmənin şəffaf aparılması baxımından normal bir sistemdir. Məhz həmin sistemin tətbiqinin nəticəsidir ki, oxuyan yoxsul balaları çox rahatlıqla universitetlərə qəbul oluna bilir. Təhsildə olan bərbad vəziyyət, müvafiq nazirliyin bu sahədə heç bir uğurlu nailiyyət əldə edə bilməməsi, ümumiyyətlə həmin sektordan Mikayıl Cabbarovun bixəbər olması burada vəziyyətin gəlib beləcə acınacaqlı olmasına gətirib çıxarıb. Sektordan başı çıxmayan insanları gətirib həmin sahəyə rəhbər qoyanda əlbəttə ki, vəziyyət belə acınacaqlı olacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyətini davam etdirməlidir. Məhz onun ədalətli yanaşması nəticəsində yoxsul balaları nüfuzlu ixtisaslara yiyələnə biliblər.
Test üsulunu ləğv etməklə özlərinə yeni bir rüşvət mənbəyi yaratmaq istəyirlərsə, bunu açıq desinlər. Təhsil naziri Mikayıl Cabbarov hələlik başçılıq etdiyi sahədə heç bir nailiyyətə imza ata bilməyib və bilə də bilməz. Bir adamın ki, vəzifəsi qoruqçuluq ola, qoruqçuluqdan gətirib nazir qoymaqla ondan nə olacaq ki? Mikayıl Cabbarov bu günə qədər rəhbərlik etdiyi sahədə islahatlar apara bilməyib. Apardığı islahatlar da dalana dirənib. Mikayıl Cabbarov bu sahədən xəbərsizdir, bilməyən adam da test üsulunu ləğv etməklə istəyir ki, baş qatsın”.
ELÇİN
www.yenicag.az