“İran təhdidlərdən ehtiyatlandığı üçün Azərbaycanı çəkindirmə coğrafiyası kimi istifadə etmək istəyir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında İranla İsrail arasındakı gərginlik, bunun Azərbaycana təsiri və gözlənənləri şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib.
Elxan Şıxəliyev bildirib ki, İran ətrafında həlqənin daraldığının fərqindədir.
“Pezekian Xamneyinin hördüyü divarların içərisindədir. Pezekian daxildəki məsələlərə qarışa bilər, ancaq beynəlxalq məsələlərdə Pezekianın adının hallanması doğru deyil. Xamneyi və SEPAH-ın strateji planları nədirsə, o müzakirə olunmalıdır”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, İran ehtiyatlanır ki, İsrailə zərbə endirsə də, endirməsə də, hədəfdədir.
“İran ona görə qorxudur ki, özü qorxur. NATO-nun 75-ci sammitində açıq etiraf etdiklər ki, yaxın 75 ildə 4 ölkə hədəfdə olacaq – Rusiya, İran, Çin və Şimali Koreya. İran təhdidlərdən ehtiyatlandığı üçün Azərbaycanı çəkindirmə coğrafiyası kimi istifadə etmək istəyir. İran İsrailə göstərir ki, sənin müttəfiqini təhdid edirəm. Əslində, bunu mülayim yolla da edə bilər. Ancaq bu xətti seçiblər. İran gözəl bilir ki, Azərbaycanda İsrail hərbi bazası yoxdur. İsrailin bazası olsaydı, onun aşkar edilməsi o qədər də çətin məsələ deyildi.
Bəzi beyin və kəşfiyyat mərkəzləri var ki, onlar İranla Azərbaycanı müharibə vəziyyətinə gətirmək istəyirlər. Müharibələr dövrüdürsə, mümkün qədər müharibənin olmasına çalışacaqlar”, – deyə o vurğulayıb.
E.Şıxəliyev bildirib ki, İran Rusiya ilə eyni cəbhədədir:
“Ölkələrin hamısına deyirlər ki, səfinizi bəlli edin. İran fərqindədir ki, onun ətrafında həlqə daralır. ABŞ Aralıq dənizinə, İsrail ətrafına iki aviadaşıyıcı gəmi, bir ədəd isə nüvə başlıqlı sualtı qayığı gətirib. Bu, müdafiə üçün deyil.
İsrail dəstəklənəcəyi üçün Livanla bir müharibə olmalıdır. Müharibəyə İranı necə təhrik edəcəklər, bu maraqlıdır. Elə etmək istəyəcəklər ki, müharibəyə İranın başladığı kimi görünsün”.
Səxavət Məmməd
www.yenicag.az