İran İsrailin PJAK planını pozdu – Nə üçün Kirmanşah hədəf SEÇİLDİ?
İranda PKK terror təşkilatının qolu olan PJAK-a qarşı növbəti təhlükəsizlik əməliyyatı keçirilib. Ölkənin qərbində yerləşən Kirmanşah əyalətində təşkilatın hücrə üzvləri ifşa olunub və 11 nəfər terror aktına hazırlaşarkən saxlanılıb. İran rəsmiləri bildirir ki, əməliyyat qabaqlayıcı xarakter daşıyıb və mümkün sabotajların qarşısı vaxtında alınıb.
Kirmanşah niyə önəmlidir?
Kirmanşah İran üçün strateji əhəmiyyət daşıyan bölgələrdən biridir. Bu əyalət həm İranın kürd bölgələri ilə İraqın kürd bölgəsi arasında keçid xətti sayılır, həm də ayrılıqçı silahlı qrupların potensial yayılma zonası kimi qiymətləndirilir. İran hakimiyyəti Kirmanşahı PJAK-dan tam təmizləməyi əsas hədəf kimi müəyyənləşdirib.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) açıqlayıb ki, saxlanılan şəxslər cəmiyyətin təhlükəsizliyini pozmaq və sabotaj törətmək üçün planlar hazırlayırmışlar. Dövlət mediasında yayılan məlumatlara görə, bu şəxslər PJAK-ın əsas strukturları ilə birbaşa əlaqədə olublar və təşkilat adından hərəkət ediblər.
İki ayrı hücrə ifşa edilib
İran dövlətinə yaxın mənbələrin məlumatına görə, İnqilab Keşikçilərinin Nəcəf Əşrəf Qərargahının komandanı general Möhsün Kərimi Kirmanşahda iki ayrı PJAK hücrəsinin fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, əldə olunan kəşfiyyat məlumatları əsasında bu qruplar hər hansı zərərli addım atmadan zərərsizləşdirilib.
Son illər İranın kürd bölgələrində silahlı qarşıdurmaların davam etdiyi qeyd olunur. 2025-ci ilin oktyabrında Marivan şəhərində PJAK-la əlaqəli bir silahlının öldürülməsi də bu qarşıdurmanın hələ də davam etdiyini göstərən fakt kimi xatırladılır.
Yayılma təhlükəsi və coğrafi faktor
Təhlükəsizlik baxımından Kirmanşah PJAK üçün təkcə fəaliyyət sahəsi deyil, eyni zamanda “genişlənmə qapısı” hesab olunur. Təşkilatın əsas bazalarının Urmiya–Mahabad xətti, eləcə də Sənəndəc və Marivan ətrafında cəmləşdiyi bildirilir. Kirmanşah isə bu ərazilərə açılan yol kimi dəyərləndirilir. Dağlıq relyef və Zaqros silsiləsi silahlı qruplar üçün əlverişli hərəkət imkanı yaradır.
ABŞ faktoru və Türkiyə üçün risklər
PJAK-ın son aktivliyinin İranın ABŞ ilə həssas danışıqlar apardığı bir dövrə təsadüf etməsi diqqət çəkir. Bu vəziyyət Türkiyə üçün də xüsusi əhəmiyyət daşıyır. Türkiyə tərəfi ötən aylarda İraqdan İrana keçməyə çalışan PJAK üzvləri ilə bağlı kəşfiyyat məlumatlarını Tehranla paylaşdığını açıqlayıb.
Milli Müdafiə naziri Yaşar Gülər dekabr ayında verdiyi açıqlamada bildirib ki, PKK silahı yerə qoyduğunu elan etdikdən sonra bir sıra terrorçular silah və sursatla birlikdə İran ərazisinə keçməyə cəhd göstəriblər. Türkiyə bu məlumatları mütəmadi olaraq İran tərəfinə ötürüb və nəticədə İran PJAK-ın real mahiyyətini daha aydın görüb.
PJAK ABŞ-a daha yaxındır, yoxsa İsrailə?
Bir çox regional müşahidəçilərin fikrincə, PJAK-ın fəaliyyəti ABŞ-dan çox, İsrailin İran üzərində təzyiq aləti kimi dəyərləndirilir. İsrailin son illər İran daxilində təhlükəsizlik boşluqları yaratmaq, daxili sabitliyi sarsıtmaq və Tehranı eyni vaxtda bir neçə cəbhədə məşğul etmək strategiyası fonunda PJAK kimi silahlı kürd qrupları dolayı “kart” rolunu oynayır. ABŞ daha çox açıq siyasi və iqtisadi təzyiq mexanizmlərindən istifadə etdiyi halda, İsrailin yanaşması gizli əməliyyatlar, kəşfiyyat şəbəkələri və lokal silahlı strukturlar üzərindən təsir göstərməyə əsaslanır. Bu baxımdan PJAK-ın İranın həssas dövrlərində aktivləşməsi, xüsusilə təhlükəsizlik və danışıqlar proseslərinə paralel hərəkətlənməsi təşkilatın İsrail üçün daha funksional və riskli, amma effektiv vasitə kimi görüldüyü ehtimalını gücləndirir.
Bütün bu proseslər göstərir ki, Kirmanşah təkcə İranın daxili təhlükəsizliyi üçün deyil, regionda terrorla mübarizə baxımından da açar nöqtələrdən biri olaraq qalır.
Amir Aqiloğlu












