İranda repressiyalar PİK HƏDDƏ: Azərbaycanın "B planı" nə olmalıdır?
“Bu məsələdə əsas xətt soyuqqanlı, hesablanmış və milli maraqlara söykənən siyasət olmalıdır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

O, baş verən gərginlik fonunda Azərbaycanın Cənubi Azərbaycanla bağlı necə siyasət xətti seçməli olduğu ilə bağlı fikirlərini səsləndirib.
Politoloq bildirib ki, hazırda İranda vəziyyət gərgin olaraq qalır. Sosial gərginlik isə pik həddədir.
“Görünən odur ki, hakimiyyət artıq repressiv üsullara əl atır. İnternetin olmamasına baxmayaraq görüntülər var. İnsanlar arasında ölümlər artmaqdadır. Repressiv görüntüləri görürük.
Hakimiyyət dünən xalqı, öz tərəfdarlarını küçələrə çağırdı. Görünən odur ki, xalqın arasında da bölünmə baş verir. Bu şəraitdə Azərbaycanın mövqeyi emosional yox, praqmatik olmalıdır.
Birincisi, Cənubi Azərbaycan məsələsi, yəni bizim cənublu soydaşlarımız var. Populist şüarlarla deyil, mədəni və humanitar müstəvidə ölçülü şəkildə gündəmdə saxlanılmalıdır məsələni.
Əsas prioritet sərhəd təhlükəsizliyi və regional sabitlikdir. Çünki İranda mümkün xaos birbaşa təhlükəsizlik riski yarada bilir. Ona görə də Azərbaycan üçün ən uyğun ssenari sabitlikdir, bölgədə təhlükəsizlik balansının qorunmasıdır. Bu məsələdə əsas xətt soyuqqanlı, hesablanmış və milli maraqlara söykənən siyasət olmalıdır”,- deyə o bildirib.
Nəsimi Ələsgərli












