Xəbər verdiyimiz kimi, İsrail ordusu Livanın paytaxtı Beyruta endirdiyi hava hücumunda “Hizbullah” lideri Həsən Nəsrullahı öldürüb. Sui-qəsd dünyanın əsas gündəminə çevrilib, bu hadisədən sonra casus iddiaları ilə bağlı müzakirələr genişlənməyə başlayıb.
Yenicag.az xəbər verir ki, İranın keçmiş prezidenti Mahmud Əhmədjad İsrailin İrandakı bir quruma MOSSAD agenti yerləşdirdiyini iddia edib. “İsrailə qarşı çıxmaq üçün bir birlik yaratdıq və onun başında duran şəxsin MOSSAD agenti olduğu ortaya çıxdı”, – deyə o bildirib.
2023-cü il oktyabrın 8-dən “Hizbullah”la nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı, Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Livan hakimiyyətinin məlumatına görə, “Hizbullah”ın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1052 nəfər ölüb. “Hizbullah” lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyruta endirdiyi hava zərbələri nəticəsində öldürülüb.
“Hizbullah” İsrailə raketlərlə cavab verir. Əsasən İsrail tərəfindəki ordu bazalarını hədəf alan bu hücumlarda ciddi dağıntı qeydə alınmayıb. İsrailin bombardmanları nəticəsində 150 minə yaxın insan ölkə daxilində didərgin düşüb.
Livanın cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.
İsmayıl Bakuvi
www.yenicag.az