İranın Netanyahunun öldürülməsi İDDİASI: "Əsas məsələ hərbi əməliyyatların növbəti fazasıdır"
“Netanyahunun öldürülməsi ilə bu müharibə bitməz, sona qədər davam edər”.
Bunu İran mediasının İsrailin Baş naziri Benyamin Netanyahunun öldürülməsi ilə bağlı yaydığı məlumatlar barədə fikirlərini bölüşən politoloq Sahil Kərimli Yenicag.az-a açıqlamasında deyib. 
S. Kərimli İran mediasının Netanyahunun öldürülməsi ilə bağlı yaydığı məlumatların inandırıcı olmadığını diqqətə çatdırıb.
Onun sözlərinə görə, İsrail Baş nazirinin öldürülməsi savaşı tezliklə dayandırmayacaq:
“Müqayisə etsək, İranda əməliyyatların ilk günündə ali dini lider öldürülsə də, dövlət və hərbi qurumların ölkənin müdafiəsinə qalxdığının şahidi oluruq. Ümumiyyətlə, biz bu müharibədə təkcə İsraildən danışmamalıyıq. Bu plan birbaşa olaraq Amerika rəhbərliyinin xüsusi nəzarəti ilə həyata keçirilir. Amerika müttəfiqi olan İsrailin dəstəyi ilə İrana qarşı hərbi əməliyyatlar aparır və bu müharibədə hansısa ölkənin liderinin həyatda qalması və ya ortada olub-olmaması əsas amil deyil. Əsas məsələ ölkələrin keçirdiyi siyasi xətt və hərbi əməliyyatların növbəti fazasıdır”.
Nurlan Cəfəri












