İraq iki cəhənnəm arasında: Bağdadda Trampın yoxsa Xameneyinin sözü keçəcək?
Donald Trumpın yenidən Ağ Evə qayıtdığı bir dövrdə Yaxın Şərqlə bağlı sərt və gözlənilməz açıqlamalar artıq adi hal alıb.
Amma onun “Truth Social” platformasında keçmiş baş nazir Nuri əl-Malikinin növbəti hökumət başçısı kimi irəli sürülməsini açıq şəkildə rədd etməsi Bağdadda siyasi balansı sarsıtdı. Trampın Malikini ad çəkməklə “çox pis seçim” adlandırması həm siyasi dairələr, həm də müşahidəçilər üçün gözlənilməz oldu.
Vaşinqtonun İraq siyasətinə açıq müdaxiləsi ilk dəfə deyil. Lakin bu dəfə məsələ birbaşa baş nazir postu ilə bağlıdır. Uzun müddət bəzi iraqlı siyasətçilər Trampın İraqın daxili siyasi incəliklərinə qarışmayacağını düşünürdülər. Lakin bu açıqlama göstərdi ki, ABŞ administrasiyası Bağdadda kimin hakimiyyətə gələcəyinə laqeyd deyil.
Koordinasiya Çərçivəsinin çıxılmaz vəziyyəti
Şiə siyasi qüvvələrini birləşdirən Koordinasiya Çərçivəsi Malikini doqquzuncu baş nazir namizədi kimi irəli sürdü. Bu qərar tam konsensusla deyil, çoxluğun səsi ilə qəbul edildi. Malikiyə qarşı ehtiyatlı yanaşan qüvvələr açıq qarşıdurmadan qaçaraq etirazlarını yumşaq formada dilə gətirdilər. Çünki Maliki ilə körpüləri tam yandırmaq istəmirdilər.
Lakin Trampın açıq etirazından sonra Çərçivə daxilində və xaricində narazılıqlar daha da gücləndi. İndi tərəflər iki ağır seçim qarşısındadır: ya Əli Xameneinin Malikiyə verdiyi dəstəyi nəzərə almamaq, ya da ABŞ-ın açıq etirazını qəbul etmək. Hər iki yol risklidir.
Tehranın Bağdaddakı təsiri hamıya məlumdur. Xameneinin razılığı ideoloji baxımdan “Vilayəti-Fəqih” prinsipinə bağlı olan qüvvələr üçün qırmızı xətdir. Bu dəstəyi rədd etmək təkcə siyasi deyil, həm də ideoloji qopuş deməkdir. Digər tərəfdən, ABŞ-la açıq qarşıdurma da İraq üçün ağır nəticələr doğura bilər.
Malikinin şansı var?
Trampın etirazından sonra Malikinin baş nazir seçiləcəyinə əminlik azalıb. Amma onun tərəfdarları hesab edir ki, Vaşinqtonun mövqeyi dəyişə bilər. ABŞ-ın İraq üzrə xüsusi nümayəndəsi Mark Savayanın adı ətrafında dolaşan müzakirələr də bu ehtimalları artırır. İddialara görə, onun vəzifədən uzaqlaşdırılması Vaşinqtondakı mövqelərin yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Daxildə isə əsas əngəl sünni lider Məhəmməd əl-Halbusinin mövqeyidir. O, Malikinin namizədliyinə ən açıq və sərt şəkildə qarşı çıxan fiqurlardandır. Koordinasiya Çərçivəsində isə Əmmar əl-Həkim və Qeys əl-Xəzəli kimi adların mövqeyi daxili uzlaşmanı çətinləşdirir.
Maliki isə geri çəkiləcək fiqur kimi görünmür. Onun üçün bu, 12 ildən sonra yenidən hakimiyyətə qayıtmaq şansıdır. Açıq şəkildə namizədlikdən imtina mövzusu hələ gündəmə gətirilmir. Prezident seçilib parlamentdə etimad səsverməsi keçirilməyənə qədər də alternativ namizəd müzakirələri real mərhələyə keçməyəcək.
İki acı seçim
İraq bu gün geosiyasi çarpaz atəş altındadır. Bir tərəfdə Tehran, digər tərəfdə Vaşinqton dayanır. Maliki fiquru isə bu iki gücün toqquşma nöqtəsinə çevrilib. Əgər o, İranın açıq dəstəyi ilə irəli gedərsə, ABŞ-la münasibətlər daha da gərginləşə bilər. Əgər Vaşinqtonun şərtlərinə uyğun addımlar atarsa, Tehranın qəzəbi ilə üzləşə bilər.
Bağdadda əsas sual budur: güclü və müstəqil baş nazir istəyən qüvvələr qalib gələcək, yoxsa kompromis namizəd axtarışı başlayacaq? Hələlik görünən odur ki, Koordinasiya Çərçivəsi daxilində iradə savaşı yeni mərhələyə keçir. Maliki isə bu siyasi şahmat oyununda həm ən güclü fiqur, həm də ən riskli seçim olaraq qalır.
Amir Aqiloğlu













