“Lokal toqquşmaların olması ehtimalı yüksəkdir. Bu, Ermənistana da sərf edir”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistanın sülh prosesindən uzaqlaşıb hərbi istiqamətdə irəliləmələr etməsinin yaxın perspektiv üçün təhlükələrindən danışan politoloq Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, Ermənistanı sülhdən uzaqlaşdıran Fransanın, Hindistanın və digərlərinin məqsədi İrəvanı Bakı və Ankaraya qarşı forpost kimi əldə saxlamaqdır:
“Ermənistan isə düşünür ki, yenə hər şey əvvəlki kimi olacaq, “bacılar” gəlib işğal edəcək, bu da gəlib orada oturacaq və ərazilərimizin istismarı ilə məşğul olacaq. Həmin ssenari İrəvanın strateji xəttidir. “Sülh prosesinə hazırıq, bu ay, gələn ay imzalayacağıq” kimi bəyanatlar yalnız və yalnız görüntü məqsədi daşıyır”.
“Düzdür, “müharibə olacaq” demək düzgün olmaz, ancaq konkret olaraq hazırlıq gedir. Lokal toqquşmaların olması ehtimalı yüksəkdir. Bu, Ermənistana da sərf edir. Fevral ayında Avropa İttifaqının mülki missiya adı altında hərbi kontingentinin fəaliyyət müddəti başa çatır. Ermənistan isə vaxtın uzadılmasına şərait yaratmaq üçün gərginlik görüntüsü yaradaraq Qərbin hərbi kontingentinin hissə-hissə gətirilməsinə çalışır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az