İrəvanda hakimiyyət uğrunda hibrid MÜHARİBƏ: Rusiyanın pulları, yoxsa Bakı və Ankaranın sülh marağı?
“Paşinyana müxalif qüvvələrin seçkidə qazanmaq şansı yoxdur”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

Politoloq Ermənistanda qarşıdan gələn seçkilər üçün müxalifətin ortaq blok yaratmaq qərarını şərh edərək, bunu perspektivsiz bir addım kimi qiymətləndirib:
“Ermənistanda keçiriləcək seçkilərin nəticələri əslində əvvəldən bəllidir: Paşinyanın komandası yenidən qalib gələcək. Bunu deməyimizə əsas verən amil Paşinyanın mövqeyinin kifayət qədər güclü olmasıdır. O, həm ölkə daxilində müxalifəti ciddi şəkildə zəiflədib, həm də rəqiblərinin xaricdən gələn maliyyə kanallarını kəsib. Hesab etmək olar ki, Paşinyan erməni kilsəsini də nəzarət altına alıb. Bundan əlavə, o, ölkədəki Rusiyaya bağlı “beşinci kalon”u zəiflətməyi bacarıb. Belə bir vəziyyətdə seçkiyə vahid blokla gedilsə belə, bunun nəticəyə təsir edəcəyini düşünmürəm.
Hazırkı məqamda Paşinyanın qələbə şansı çox yüksəkdir. Yeri gəlmişkən, onun orduda apardığı islahatlar da məhz bu məqsədə xidmət edir. Xüsusi proqramdan keçən hərbçilərin maaşlarının artırılması həm ordunun, həm də xalqın dəstəyini qazanmağa imkan verib. Demək olar ki, müxalifətin istifadə edə biləcəyi resurs qalmayıb.”
Politoloq qeyd edib ki, baş nazir daxili dəstəklə kifayətlənməyərək beynəlxalq arenada da mövqelərini möhkəmləndirib:
“Paşinyan nəinki daxildə, hətta beynəlxalq səviyyədə, xüsusilə də Avropa İttifaqının dəstəyini qazana bilib. Bir qədər tragikomik görünsə də, Paşinyanın hakimiyyətdə qalması hazırkı məqamda Bakı və Ankaranın da maraqlarına uyğundur. Sülh prosesinin davamlılığı baxımından Paşinyan və komandasının mövqeyinin güclü olması həm Bakı, həm də Ankara üçün strateji əhəmiyyət kəsb edir.”
Nurlan Cəfəri












