“Ermənistan 5 aprel ABŞ, Avropa İttifaqı ilə imzalanmış sənədlə indiki vəziyyət arasında qalıb”.
Bu fikri Ermənistan Azərbaycan arasında sülh danışıqları yönündə atılan addımlar, qarşılıqlı ittihamlar və diplomatik gedişləri Yenicag.az-a şərh edən politoloq Qədir Aslan deyib.
O, bildirib ki, gələcək inkişaf üçün sülh müqaviləsinə ehtiyac var:
“Paşinyan hüquqi əsaslanma edərək bildirir ki, imzalanmış beynəlxalq sənədlər konstitusiya maddəsindən daha üstün tutulur. Halbuki bütün dövlətlərdə yerli konstitusiya daha üstün tutulur, Ermənistanda isə bu əksinədir. Buna əsasən, Paşinyan deyir ki, Ermənistanla Azərbaycan arasında müqavilə bağlansa, konstitusiyanın preambula hissəsi gücsüz hesab olunacaq. Ermənistan iddia edir ki, konstitusiyanı preambuladan ayıra bilərlər. 2026-cı ildə Ermənistanda keçiriləcək referendumda təkcə Qarabağ məsələsi yox, 1918-ci ildən bu günə qədər nəyi düzgün etməyiblərsə, onları düzəltmək fikrindədirlər”.
Siyasi təhlilçi əlavə edib ki, Ermənistan Azərbaycana qarşı əks-hücuma keçib:
“Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər. Azərbaycan isə bu məsələdə səssiz qalıb. Bu ittihamlardansa, sülh müqaviləsi bağlamaqda fayda var. Çünki sülh müqaviləsi bağlanmasa, region müharibə regionu kimi qalacaq. Bunun qalması isə xarici investisiyaların həcmini artırmaq imkan verməyəcək. Xarici investisiyalar sülh müqaviləsindən sonra bir neçə dəfə arta bilər. Bundan əlavə, sülh müqaviləsinin bağlanmaması regionda reformların həyata keçməsinə şərait yaratmır. Əgər sülh müqaviləsi imzalanmış olarsa, hər iki məsələ öz həllini tapacaq”.
“Sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycanın nəyinə lazımdır ki, Ermənistan silahı niyə alır? Həmin sənəd bu mənada da ağızları yumacaq. Bu sənəd yaradılmış bəzi qurumları, təşkilatları işsiz qoyacaq. Düşünürəm ki, Paşinyan hökuməti bunu anlayır, ancaq bu ilin 5 aprelində imzaladıqları Avropa İttifaqı, ABŞ və Ermənistan arasında imzalanan sənədlə indiki durum arasında qalıblar”.
Səxavət Məmməd
www.yenicag.az