Azərbaycan millisinin atıcısı Ruslan Lunyov qızıl medallardan doymur.
Yeniçağ.Az xəbər verir ki, o, bu dəfə 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda qızıl medal qazanıb.
Bu, Lunyovun İslamiadakı 4-cü qızıl medalıdır. Ruslan uğurlu nəticəni 5 gün ərzində qazanıb.
Bu nəticələr həm də Lunyov ailəsinin büdcəsini zənginləşdirib. Məsələ burasındadır ki, İslamiadada hər qızıl medala görə idmançıya 150 min manat mükafat verilir. Atıcımızın 4 qızıl medal qazandığını nəzərə alsaq, deməli o, həm də 600 min manat mükafatın sahibidir.
Amma onların qazancı təkcə bununla bitmir. Məsələ burasındadır ki, 4 qızıl medal qazanan atıcımızın şəxsi məşqçisi atası Vladimir Lunyovdur. Ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncama əsasən, qızıl medal qazanan idmançının şəxsi məşqçisinə də 75 min manat mükafat ayrılır. Oğlunun 4 qızıl medala sahib çıxması atasına da 300 min qazandırıb. Ümumilikdə, Lunyovlar ailəsinin qazancı 900 min manata bərabərdir.
Yeniçağ.az
www.yenicag.az