İsmayıllı rayonunda yanğın hadisəsi baş verib.
Yenicag.az-ın xəbərinə görə, ötən gecə rayonun Qubaxəlilli kəndində biçilmiş taxılın daşınması üçün zəmiyə gələn rayon sakini Məmmədov Amin Vətən oğlunun idarə etdiyi 99-MS-145 dövlət nömrə nişanlı “SHACMAN” markalı yük avtomobili qəflətən yanmağa başlayıb.
Avtomobilin mühərrikində başlayan yanğın qısa zamanda taxıl sahəsinə keçib. Alovun qarşısını almaq üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin Qaraməryəm bölməsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğınsöndürənlər gecə saatlarında dağlıq ərazidə 20 kilometr yol qət edərək çətinliklə də olsa, hadisə yerinə çataraq yanğının qarşısını ala biliblər.
Yük avtomobili və onun ətrafındakı 4 hektar biçilmiş taxıl sahəsi yansa da, maşının yük yerindəki 30 ton taxıl yanğından xilas olunub. Yanğınsöndürənlər 1000 hektardan çox sahədəki biçilməmiş taxıl sahəsinin də yanmasının qarşısını alıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır./APA/
www.yenicag.az