İsrail Livana qarşı quru əməliyyatına başlayıb.
Yenicag.az xəbər verir ki, Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail artilleriya bölmələri Əl-Vezzani, Əl-Xiyam və Marcayun düzənliyini 2 saat ərzində vurub. İsrail döyüş təyyarələri Kevkebe-Marcayun avtomobil yoluna hava hücumu həyata keçirib və hücum səbəbilə magistral yol nəqliyyata bağlanıb.
İsrail döyüş təyyarələri də paytaxt Beyrutda intensiv uçuşlar və Dahiyə bölgəsinə 8 hava hücumu həyata keçirib. Hücumlarda çoxlu binanın dağıldığı bildirilib.
Ağ Ev İsrailin Cənubi Livana qarşı quru əməliyyatını ölkənin özünümüdafiə hüququna uyğun hesab edir. “İsrailin öz vətəndaşlarını təhdid etmək üçün istifadə oluna biləcək “Hizbullah” infrastrukturunu məhv etmək üçün məhdud əməliyyatlar aparacağını anlayırıq. Bu, İsrailin öz vətəndaşlarını müdafiə etmək və mülki insanları təhlükəsiz şəkildə öz yerlərinə qaytarmaq hüququna uyğundur”, Milli Təhlükəsizlik Şurasının sözçüsü açıqlamasında deyib.
CNN telekanalında yer alan xəbərə görə, İsrail rəsmiləri Cənubi Livana qarşı quru əməliyyatının əhatə dairəsinin məhdud olduğunu bildirərək, “uzunmüddətli işğal olmayacağını” deyiblər, ancaq hücumların nə zaman başa çatmasını açıqlamadan çəkiniblər.
“Washington Post” qəzetindəki xəbərə görə, Bayden administrasiyası Yaxın Şərqə bir neçə min əlavə əsgər və daha çox döyüş təyyarəsi yerləşdirəcək. Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, hava hücumundan müdafiə bölmələri – F-16, F-15E və F-22 döyüş təyyarələri və A-10 hücum təyyarələri ilə uçan eskadrilyalar – on minlərlə amerikalı personala artıq yüksək hazırlıq vəziyyətində olan qüvvələri əlavə edəcək.
Qəzet yazıb ki, göstərişi müdafiə naziri Lloyd Ostin verib. Sinq əlavə yerləşdirmələri Xamneyi də daxil olmaqla yüksək səviyyəli İran rəsmilərinin ritorikası ilə əlaqələndirib.
Rafi Müslümov
www.yenicag.az