“ABŞ təkidlə hər iki tərəfdən danışıqlarda müəyyən güzəştlərə gedilməsini tələb edir”.
Bunu Yenicag.az-a açıqlamasında onsuz da gərgin olan kütlənin İsrailin baş naziri Benyamin Netanyahuya qarşı etiraz aksiyalarını gücləndirməsinin verəcəyi nəticələrdən danışan politoloq Rəfail Becanov deyib.
Onun sözlərinə görə, danışıqların getdiyi bir zamanda girovların öldürülməsi ilə bağlı yayılan informasiyalar qarşıdurmanı daha da şiddətlənidirir.
“İsrail tərəfi təsdiq etsə də, qarşı tərəf bunu birbaşa təsdiqləmir. Ortada belə bir informasiyanın olması qarşıdurmanı yeni mərhələyə daşıyır.
6 nəfərin qətli ilə bağlı hazırda paytaxt Təl-Əviv də daxil olmaqla İsrailin ayrı-ayrı şəhərlərində etiraz mitinqləri keçirilir. Netanyahu və onun hökumətinin istefası tələb olunur. Əsas etiraz da baş nazirin atəşkəs anlaşmasını imzalamamasıdır”, – deyə o əlavə edib.
Politoloq qeyd edib ki, burada ABŞ-nin də mövqeyini diqqətdən qaçırmaq olmaz.
“Bayden adminsitrasiyasının mövqeyi danışıqların real nəticəylə bitməsi və atəşkəs razılaşmasının imzalanmasıdır. Lakin nə İsrail hökuməti, nə də “HƏMAS” bu çağırışlara adekvat cavab vermir. İndiki halda tərəflər arasında müəyyən razılaşma Bayden administrasiyasına sərf edir. Çünki qarşıdan prezident seçkiləri gəlir və bu müharibənin uzanması, atəşkəsin əldə olunmaması demokratların qələbəsinə zərbə vurur. Ona görə də ABŞ təkidlə hər iki tərəfdən danışıqlarda müəyyən güzəştlərə gedilməsini tələb edir. Hələlik ortada real nəticə yoxdur.
“HƏMAS”-ın girovları qətlə yetirməsinə Netanyahu sərt mövqe sərgiləyib. Bildirib ki, İsrail bununla barışmayacaq. “HƏMAS” çox böyük bədəl ödəyəcək.
Hazırda başlayan bu etirazlar Netanyahunun geri çəkilməsi və atəşkəs razılaşmasını qəbul etməsi üçün təzyiqdir. Baş nazir isə öz mövqeyindən geri çəkilməyəcəyini bəyan edir”.
R.Becanovun sözlərinə görə, Netanyahunun istefa verib-verməməsi isə etirazların miqyasından və etirazçıların dəstək qazanıb-qazana bilməməsindən asılıdır.
“Əgər ABŞ, o cümlədən müxalif siyasi qüvvələr bu etirazlara açıq dəstək versələr, Netanyahu və onun hökuməti çətin situasiya ilə üzləşəcək. Ancaq “HƏMAS”ın girovlarla bağlı belə amansız rəftarı etirazların mahiyyətini dəyişə bilər. Eyni zamanda belə qəddarlıq ABŞ-ni də, müxalifəti də mövqeyində korrektələr etmək məcburiyyətində qoya bilər. Bu isə Netahyahunun mövqeyinin güclənməsinə xidmət edəcək”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az