İsraildən olan nüfuzlu ekspert, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri Arye Qut beynəlxalq RTVİ telekanalının “İsrail həftə ərzində” verilişində keçirilən debatda ölkədə fəaliyyət göstərən “Erməni evi”nin nümayəndəsi Vlad Meliktanı efirə çıxmağa peşman edib.
Yenicag.ru-nun məlumatına görə, Erməni lobbiçilərinin qondarma soyqırımı məsələsini İsrail parlamentinin (Knesset) müzakirəsinə çıxarılmağının müzakirə olunduğu debatda Arye Qut bildirib ki, Yaxın Şərqdə vəziyyətin həddindən artıq gərginləşməsi siyasətçiləri daha məsuliyyətli davranmağa və bəyanatlarında diqqətli olmağa sövq etməlidir.
Ekspertin sözlərinə görə, İsrail parlamenti tarixi və mübahisəli olan bu məsələni gündəmə gətirməməlidir. Qut əlavə edib ki, qondarma “erməni soyqırımı” iddialarında yalan və saxtakarlıq kifayət qədər çox olduğundan, hər iki ölkənin (Türkiyə ilə Ermənistan) alimləri arxivlərdə araşdırma apararaq, həqiqətləri üzə çıxarmalı, real faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır.
Verilişin gedişində Qut erməni opponentinə belə bir sualla müraciət edib: “Biz sizin iddia etdiyiniz “soyqırımı”nı nəyə görə tanımalıyıq? Ermənistandan və ermənilərdən kompliment eşitmək üçün?
Deyirlər ki, yəhudi xalqının ermənilər qarşısında mənəvi öhdəliyi var. Soruşuram, hansı mənəvi öhdəlikdən söhbət gedir? Ermənistan prezidenti Serj Sarkisyan iki il əvvəl faşist və antisemit Qaregin Njdenin heykəlinin rəsmi açılışını etdi. Holokost cinayətində əli olanlardan “milli qəhrəman” düzəldilməsinə susmamalıyıq.
Faşist və antisemit Njdeyə abidə qoyulması rəzalət və Holokost qurbanlarına qarşı təhqirdir. Bir ölkə bəşəriyyət əleyhinə cinayətdə ittiham olunan faşisti qəhrəman elan edə bilərmi? Bundan sonra ermənilər 1915-ci il faciəsini “soyqırımı” kimi tanımağımızı istəyirlər? Bütün bunlar mənim üçün – babasının bütün ailə üzvləri faşistlər tərəfindən məhv edilən şəxs üçün böyük ağrıdır”.
Qut əlavə edib ki, qondarma “erməni soyqırımı”nın tanınması Azərbaycan üçün olduqca həssas məsələdir:
“Fakt budur ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini – Dağlıq Qarabağ və onun ətraflndakı yeddi rayonu işğal edib, bu zaman azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib, erməni işğalı nəticəsində 1 milyondan artıq insan qaçqın düşüb.
Serj Sarkisya və onun Robert Koçaryan, Seyran Ohanyan kimi silahdaşları 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı qırğın və söyqırımı törədiblər. Bir gecənin içində 1000-dən çox azərbaycanlı məhv edilib”.
Qut daha sonra Melikyanın “Erməni soyqırımı”nın tanınması İsrail və Ermənistan arasında münasibətləri möhkəmləndirəcək” iddiasına da sərt münasibət bildirib:
“Siz hələ bizə şərt də qoyursuz ki, “soyqırımı”nı tanısaq, Ermənistan İsraillə əməkdaşlıq edəcək? Ermənistan İsrailə nə təklif edə bilər? İsrail hələ 26 il əvvəl strateji seçimini Azərbaycanın lehinə edib. Məgər Azərbaycan-İsrail və Ermənistan-İsrail əlaqələrini müqayisə etmək olar? Azərbaycan İsrailin yüksək siyasi etimada malik strateji tərəfdaşıdır, 5,5 milyard dollarlıq ticarət dövriyyəmiz və dərin hərbi-strateji əməkdaşlığımız var. Azərbaycanda 30 min yəhudi yaşayır, ölkə prezidenti son 4 ildə onlar üçün 2 yeni sinaqoq və Cənubi Qafqazda ən böyük olan təhsil mərkəzi tikdirib. Ermənistanda isə antisemitizmin səviyyəsi MDB və Şərqi Avropa ölkələri arasında ən yüksək səviyyədədir.
Yenə soruşuram, İsrail niyə görə bu addımı atmalıdır? Erməni lobbisinin maraqlarını təmin etmək və Ermənistanla yaxşı münasibətlər qurmaq üçün? İsrail qondarma “soyqırımı”nı tanımadığı üçün Ermənistan mətbuatı İsrailə qarşı saysız ittihamlar irəli sürür, bizi “siyasi blef”də ittiham edir. Deyin mənə, yəhusi xalqına qarşı bu, nə münasibətdir?”
Arye Qut çıxışının sonunda İsrail siyasətçilərini qondarma “erməni soyqırımı”nı tanımamağa çağırıb.
www.yenicag.az