“Bu, Türkiyənin ölkə ərazisindən kənarda keçirdiyi ən genişmiqyaslı hava dəstəyi ilə təmin olunmuş əməliyyatdır”.
Bu fikirləri Türkiyənin Suriya ilə İraqın şimalında növbəti antiterror əməliyyatlarına başlamasını şərh edən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, Türkiyənin qeyd olunan hərbi kampaniyası milli təhlükəsizliyin qorunması məqsədi daşıyır:
“İstanbulda törədilmiş son terror aktından sonra Türkiyənin həm Suriyanın, həm də İraqın şimalında mənzillənmiş PKK-YPG-PYD terrorçularına qarşı növbəti əməliyyata başlaması gözlənilirdi. Daha konkret desək, Türkiyənin bu iki ölkənin ərazisində antiterror əməliyyatlarını bərpa etməsi labüd idi.
Bu əməliyyat bir neçə göstəriciyə əsasən, daha əvvəl keçirilmiş kampaniyalardan fərqlənir. Qeyd etmək olar ki, bu, Türkiyənin ölkə ərazisindən kənarda keçirdiyi ən genişmiqyaslı hava dəstəyi ilə təmin olunmuş əməliyyatdır. Məlumata görə, əməliyyatda 50-yə qədər qırıcı-bombardmançı təyyarə və 20 drondan istifadə olunub. Təbii ki, bu qədər təyyarə ilə dronun terrorçulara endirdiyi hava zərbələrinin nəticələrini təsəvvvür etmək çətin deyil.
Haqqında danışdığımız əməliyyatla bağlı Suriya və İraq mövcudluqları olan başqa ölkələrin reaksiyaları da maraqlıdır. Diqqət etdinizsə, ABŞ və Rusiya bu kampaniya ilə əlaqədar Türkiyəyə hər hansı irad, narazılıq bildirmədilər. Sadacə ABŞ rəsmilərindən biri Türkiyəni bu əməliyyatı regiondakı gərginliyi artırmamaq şərtilə keçirməyə çağırdı.
Belə bir loyallığın səbəbi aydındır. Çünki Türkiyəni hədəfə alan, dinc əhalinin qanına susayan o terror dəstələri məhz ABŞ tərəfindən dəstəklənir və himayə edilir. Bu halda ABŞ-nin Türkiyəyə nəsə etiraz bildirməyə mənəvi haqqı çatmır. Eyni fikirlər Rusiya üçün də keçərlidir.
Bütün hallarda bu əməliyyat Suriya və İraqda mövqelənmiş terror qruplarına sarsıdıcı zərbədir. Şübhə yoxdur ki, əməliyyatın yekununda qarşıya qoyulan məqsədlərə tam nail olunacaq”.
A.Zeynalov
www.yenicag.az