Azərbaycan jurnalistikasına növbəti ağır itki üz verib. Tanınmış qələm sahibi, “Xalq qəzeti”nin keçmiş şöbə müdiri Əlipənah Gülbala oğlu Bayramov ömrünün 76-cı ilinin tamamında dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri Tahir Aydınoğlu bildirib.
O, bildirib ki, həmkarımız 1946-ci il dekabrın 13-də Salyan rayonunun Kürsəngi kəndində anadan olmuşdu. Səkkizillik məktəbi doğma kəndində, orta məktəbi qonşu Xalacda bitirmişdi. Yeniyetməlik illərindən mətbuatda çıxışlar edən Əlipənah Bayramov taleyini birdəfəlik jurnalistika ilə bağlamış, 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdi.
Ail təhsil illərində özünü istedadlı və bacarıqlı qələm sahibi kimi təsdiq edən gənc jurnalist 2 il populyar “İdman”qəzetində çalışmış, 5 il Neft və Sənaye Universitetinin “Neft kadrları uğrunda” qəzetinin redaktotu olmuşdu. 1979-cu ildə ölkənin avanqard “Kommunist” qəzetinə işə dəvət edilən Əlipənah müəllim burada müxbir, baş müxbir və şöbə müdiri vəzifələrində çalışmış, uzun illər redaksiya heyətinin üzvü olmuşdu. Qəzet müstəqillik illərində nəşrini “Xaqlq qəzeti” adı altında davam etdirəndən sonrakı 30 il müddətində də təcrübəli jurnalist sevimli iş yerindən ayrılmamışdı.
Çalışdığı bütün sahələrdə təşəbbüskarlığı, intizamı və yüksək peşəkarlığı ilə seçilmiş, jurnalistlərin yeni nəsillərinə örnək olmuşdu.
Əlipənah müəllim müxtəlif mövzulu və janrlı çoxsaylı jurnalist yazılarının, dəyərli publisistika nümunəlrinin müəllifi idi. “Xalq qəzeti”ndə çap olunmuş və “Həyatım və mühitim” toplusuna daxil edilmiş görkəmli ziyalılarımız barədə yazılar silsiləsi həmkarımıza layiqli nüfuz qazandırmışdı. Yetkin jurnalist olaraq Əlipənah Bayramov ölkənin nüfuzlu jurnalist mükafatlarına öncüllər sırasında layiq görülmüşdü.
O, ömrünün son illərində də jurnalist axtarışlarını davam etdirirdi. Altmış ilə yaxın yaradıcılıq fəaliyyəti dövrünün maraqlı fakt və hadisələri barədə düşüncələrini qələmə alırdı.
Ustad jurnalist, gözəl insan, səmimi dost Əlipənah Bayramovun nurlu xatirəsi həmkarlarının və qədirbilən oxucuların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
www.yenicag.az