Jurnalistə kəsilən cərimənin maksimum məbləği…

yenicag_elesgerƏləsgər Məmmədli: “Minimum əmək haqqının 50 misli şəklində cərimə  belə Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına gedərsə, ifadə azadlığının pozuntusu kimi qəbul olunacaq”

Azərbaycanda da jurnalistlərə qarşı bəzən fantastik məbləğdə təzminat tələb olunur. Məsələn, ən son baş redaktorumuz Aqil Ələsgər və qəzetimizdən toplam olaraq, 2 milyon manat tələb edilir. Məlumdur ki, bu məbləği ödəməyi düşünmək belə Azərbaycan jurnalistləri üçün mümkünsüzdür. Və bu azad sözün, mətbuat və söz azadlığının boğulması anlamına gəlir və jurnalistin həbsinə hazırlıq mərhələsi anlamına gəlir. Çünki təzminat məhkəmə tərəfindən təsdiqlənəcəyi və icraata yönəldiləcəyi təqdirdə, o məbləğ ödənilə bilmədiyi üçün sonunda həbs qaçınılmazdır.   

Görəsən, mediaya qarşı təzminatın məbləği maksimum nə qədər olmalıdır?
Media hüququ mütəxəssisi Ələsgər Məmmədli bildirdi ki, bu cərimə minimum əmək haqqının 50 mislindən artıq olmamalıdır: “Azərbaycan qanunvericiliyində teleradio ilə bağlı bir məhdudiyyət var. Həmin vasitələrdə təzminatın məbləği üç aylıq əmək haqqı ilə ölçülür. Amma çap kütləvi informasiya vasitələrilə bağlı konkret müddəa yoxdur. Buna baxmayaraq Azərbaycan Avropa Konvensiyasının, Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasını da qəbul edib. Avropa Məhkəməsinin 2009-cu ildə Bolqarıstana qarşı bir işi var. Burada minimum əmək haqqının 50 mislindən çox cərimə olunan jurnalistə verilən qərar Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə zidd kimi qəbul olunub. Yəni jurnalistə minimum əmək haqqının 50 misli və ondan artıq cərimə təyin etmək onun ifadcə azadlığını məhdudlaşdırmaqdır. Azərbaycanda minimum əmək haqqı 105 manatdır. Onun 50 misli isə təxminən 5250 manat edir. Bunun özü belə Avropa Şurası tərəfindən azad sözə qarşı təzyiq sayılır. Yəni, bu və bundan artıq jurnalistə kəsiləcək cərimə Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına gedərsə, ifadə azadlığının pozuntusu kimi qəbul olunacaq”.

Rüfət