Kanada hökuməti zəlzələdən sarsılan Nepala 5 milyon dollar həcmində yardım edib.
Yenicag.az xəbər verir ki, Kanada beynəlxalq inkişaf naziri Kristian Paradis verdiyi yazılı açıqlamada, Nepaldakı xilas etmə işlərinə qatılan yardım təşkilatları tərəfindən istifadə edilmək üzrə humanitar ehtiyaclar üçün 5 milyon dollar köməklik göstərdiklərini bildirib.
Kanada olaraq, Nepal xalqının acılarını bölüşdüklərini söyləyən nazir etdikləri yardımın, zəlzələnin vurduğu regionlarda əhaliyə ərzaq, təmiz içməli su, sığınacaq, səhiyyə, gigiyena və mühafizə xidmətləri təmin etmək üçün istifadə ediləcəyini qeyd edib. “Vəziyyəti yaxından izləməyə davam edəcək və lazım gəlsə daha çox kömək göstərəcəyik”,-deyə Kristian Paradis vurğulayıb.
Kanadanın baş naziri Stefan Cozef Harper da yayımladığı açıqlamada zəlzələdə həyatını itirənlərə başsağlığı verib, Nepal xalqının yanında olduqlarını söyləyib.
Son məlumatlara görə, Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfəri keçib, azı 1700 nəfər xəsarət alıb.
Qeyd edək ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin afterşokları Hindistanın paytaxtı Nyu-Dehli şəhərində, həmçinin ölkənin bəzi şərq və şimal-şərq ştatlarında da hiss olunub.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
www.yenicag.az