Kəmaləddin Qafarovun rəsmi saytından xəbəri var? – Hüseynbala Mirələmov hələ də deputat, Ramiz Göyüşov isə…
Rəsulzadə qəsəbəsi seçiciləri deputat Kəmaləddin Qafarovun üzünü postseçki dönəmində görməyiblər.
Yenicag.az xəbər verir ki, bunu qəsəbə sakinləri deyib.
Onların sözlərinə görə, digər deputatlardan fərqli olaraq, Kəmaləddin Heydərov heç imitasiya üçün belə vətəndaş görüşü keçirmir, ara-sıra köməkçilərini gördüklərini, onların da bir dərdlərinə dəva olmadığını bildirirlər.
Kəmaləddin Heydərovun isə həm Milli Məclis, həm Milli Onkologiya Mərkəzindəki işlərini bəhanə edərək seçiciləri ilə görüşlərdən yayındığı bildirilir.
İnternet üzərindən deputatın fəaliyyətini araşdırmaq qərarına gəldikdə K.Qafarovun saytının fəaliyyət göstərdiyini, ancaq deputat fəaliyyəti ilə bağlı ən son yenilənmənin 2019-cu ilə aid olduğu üzə çıxdı. Belə ki, saytın fəaliyyət bölümündə “Tədbirlər” qrafasında ən son tədbir bələdiyyə seçkiləri ilə bağlıdır. “Seçicilərlə görüş”ə isə 2020-ci ilin yanvar ayında “xitam verilib”.
Əgər siyasətdən azacıq xəbərsiz şəxs Kəmaləddin Qafarovun saytına daxil olarsa, ölkənin siyasi gündəmini 3-4 il arxadan izləyər. Məsələn, Kəmaləddin Qafarovun saytında məqalələrin hər hansı tarixi yazılmadığından bixəbər oxucu Ramiz Göyüşovun hələ də YAP Binəqədi rayon təşkilatının və YAP Mərkəzi Seçki Qərargahının Binəqədi rayon şöbəsinin sədri olduğunu düşünə bilər. Daha bilməz ki, o dövrdən sonra Ramiz müəllimlə bağlı nələr olub, nələr və Göyüşov partiyanın nəinki rayon təşkilatının sədrliyindən, ümumiyyətlə, üzvlüyündən xaric edilib.
Yaxud “Müsahibələr” bölümünün son xəbəri “koronavirus” pandemiyasının başlaması ilə bağlıdır. Yəni sayta görə, hələ karantin rejimi təzə başlayıb və deputat preventiv tədbirlərlə buna qalib gəlməyin mümkünlüyünə inanır.
Eləcə də “Çıxışlar” bölümündə də ən son yenilənmə 2020-ci ilə aiddir. Hətta saytdakı bəzi xəbərlərdə Hüseynbala Mirələmovun da hələ deputat olduğu görülür.
Görünən odur ki, seçicilərinin gündüz əli çıraqlı axtardıqları Kəmaləddin Qafarovun başı onkoloji dərman biznesinə qarışdığından seçiciləri kimi rəsmi internet səhifəsini də unudub. Unutmasaydı, beş il ərzində öz fəaliyyəti ilə bağlı hansısa yeniliklərin də sayta əlavə olunmasını təmin edərdi. Çünki hazırkı saytda 1 sentyabr 2024-cü il seçkilərinin izi-tozu belə yoxdur.












