Azərbaycan Prezidenti İlham Əliyev “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.
Yenicag.az-ın verdiyi xəbərə görə, sənəddə deyilir ki, son illərdə Azərbaycan Respublikasında iqtisadiyyatın sürətli inkişafı digər sahələr kimi qeyri-neft sektorunda da köklü dəyişikliklərə səbəb olmuşdur. Respublikada pambıqçılıq, taxılçılıq və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalında daha böyük artıma nail olunması məqsədi ilə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi üçün mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilib.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsait hesabına 2013-2016-cı illərdə ölkənin 40 şəhər və rayonu üzrə əhalisi 1,3 milyon nəfərə yaxın olan 560 yaşayış məntəqəsində əkin sahələrinin, əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi və əhalinin içməli suya tələbatının ödənilməsi üçün 957 subartezian quyusu qazılıb.
Sənədə əsasən, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, əhalisi 375 min nəfərə yaxın olan 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində (siyahı əlavə edilir) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,5 milyon manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Yenicag.az
www.yenicag.az