Son günlər ABŞ-la Rusiya arasında münasibətlərin daha kəskin fazaya daxil olması tendensiyası hiss olunur. Belə ki, Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq edir. Buna cavab olaraq Rusiya da dünyanın supergücünü təsiredici sanksiyalarla hədələyir. Adətən, böyük güclər arasında qarşıdurma tendensiyası güclənəndə müəyyən çətinliklərlə üzləşən kiçik dövlətlər sözügedən qarşıdurmadan öz problemlərinin həlli üçün yararlanmağa çalışırlar. Bu mənada görəsən, Azərbaycan özünün bir nömrəli probleminin həlli üçün ABŞ-la Rusiya arasında kəskinləşən qarşıdurmadan necə yararlana bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Yenicag.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Vaşinqtonla Moskva arasında kəskinləşən qarşıdurmada neytral qalmalıdır:
“Azərbaycan Rusiyanın regional siyasətindən narazıdır. Moskva açıq şəkildə Ermənistana dəstək verir. Prezidentlərin Soçi görüşü də Qarabağ probleminin həlli istiqamətində nəticə vermədi. Əksinə, Kreml rəhbəri Ermənistan-Rusiya hərbi birliklərin yaradılması ilə bağlı sənədi ratifikasiya etdi. Bütün bunlar isə Azərbaycana qarşı yönəlib. Buna baxmayaraq, ABŞ-Rusiya qarşıdurmasında Azərbaycan neytral qalmalıdır, burada tərəf seçməməliyik. Maraqlarımıza nə cavab verirsə, o istiqamətdə də hərəkət etməliyik. Həm də Vaşinqtonla Moskva arasında olan qarşıdurmanın ölkəmizə elə bir aidiyyatı da yoxdur ki, burada tərəf seçək. ABŞ-ın yürütdüyü siyasətdən də ölkəmiz müəyyən dərəcədə narazıdır. ABŞ Ermənistana maliyyə dəstəyi verir.
Amma buna baxmayaraq, Rusiyadakı siyasi mərkəzlərdən fərqli olaraq, Vaşinqton Azərbaycanın bölgədə güclü və sabit dövlət olmasında, enerji resurslarımızın dünyaya daşınmasında maraqlıdır. Lakin bu o demək deyil ki, Rusiya ilə qarşıdurmada ölkəmiz Vaşinqtona dəstək ifadə etməlidir. Rusiya siyasətini bəyənməsək də, hər halda qonşumuzdur, burada xeyli soydaşımız yaşayır, müəyyən iqtisadi əlaqələrimiz var. Bu amilləri nəzərə alaraq, Vaşinqton-Moskva qarşıdurmasına qarışmamalıyıq. Yeganə istəyimiz o olmalıdır ki, dünyanın iki böyük dövləti arasında münasibətlər normallaşsın və bunun da bölgəyə müsbət təsirləri olsun. Ukrayna və Gürcüstan birmənalı olaraq ABŞ-a dəstək verib və verəcək. Rusiyaya yönələn sanksiyalar da məhz Moskvanın Ukrayna ərazisinin bir hissəsini işğal etməsilə əlaqədardır. Qarabağa görə Azərbaycan da Rusiyanın siyasətindən narazıdır. Lakin rəsmən bu iki dövlət bir-birini “tərəfdaş dövlətlər” adlandırırlar. Baxmayaraq ki, altdan-altdan müəyyən gərginlik də yaşanır. Ona görə də bu amilləri nəzərə alaraq, nə ABŞ-ın xeyrinə Rusiyanın, nə də Moskvanın istəyinə uyğun olaraq Vaşinqtonun əleyhinə gedə bilmərik. Kiçik dövlət olaraq, öz problemimizin həllinə çalışmalıyıq. Ona görə də sözügedən qarşıdurmada neytral qalmalıyıq”.
ELÇİN
www.yenicag.az