Azərbaycan əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev saxta əlilliklə bağlı danışıb.
Yenicag.az xəbər verir ki, o, nazirlikdə keçirilən brifinqdə bu sahədə şəffaflığın təmin olunduğunu bildirib.
Nazirin sözlərinə görə, saxta əlilliklə bağlı korrupsiya faktı azalıb:
“Bu sahədə şəffaflıq tam şəkildə təmin olunub. Son bir neçə ay ərzində əlillik sahəsində korrupsiya faktı azalıb. Şikayətlərdə göstərilən adlar heç də nazirliyin əməkdaşları olmurlar. Hansısa vasitəçilər, üçüncü şəxslərdir. Onlarla bağlı da hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.
Nazir onu da qeyd edib ki, Səhiyyə Nazirliyi ilə birgə işçi qrupu yaradılıb:
“Bu qrupun mütəşəkkil işi nəticəsində il ərzində əlillik təyinatı I rüblə IV rüb arasında 60 faizdən artıq azaldı. Birinci qrup əlillik üzrə 70 faiz azalma müşahidə edilib. Araşdırma nəticəsində 1300 saxta əlillik almış hallar müəyyən edilib. Onlara növbəti ayda ödənişlərin verilməsi dayandırılıb. Bu isə ildə 3 milyon manat qənaət deməkdir. Onların qarşısında ödənilən məbləğlərin bərpa edilməsi tələbi qoyulub. Təqribən 1 milyon manat bərpa edilib. Vətəndaş gedir səhiyyə müəssisəsinə, onu müayinə edirlər. Onun tibbi vəziyyətinə uyğun bizə göndəriş təqdim olunur. Nazirliyin Tibbi Sosial Ekspertiza Dövlət Xidməti var. Bu xidmət vətəndaşı görmədən onun haqqında qərar verir. Təqdim olunan müayinə sənədinə görə qərar verilir. Ötən gün iki keçmiş hərbçimizin şikayəti sosial şəbəkədə yayılıb. Biz bu məsələni də araşdırdıq. Bildirirlər ki, kimsə onlardan 8 min manat pul istəyib. Araşdırma nəticəsində məlum oldu ki, bu vətəndaşların heç vaxt müraciəti olmayıb. Nə səhiyyə müəsissəsindən bizə sənəd gəlib, nə də TSEK-ə müraciət daxil olub. Tutaq ki, TSEK əməkdaşı onlardan pul götürsə belə, onun təyin etmə səlahiyyəti yoxdur. Bu sənəd onsuz da xəstəxanadan gəlməlidir”.
Emin
www.yenicag.az