Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxıb.
Yenicag.az xəbər verir ki, “qırmızı-qaralar” I təsnifat mərhələsində Lüksemburq klubu “Proqres”i qəbul edib. Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunurdu. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı idi. Heyətində bəzi dəyişikliklər edən “Qəbələ” doğma azarkeşləri önündə sərfəli nəticə əldə etməyə ümid edirdi. Amma gözlənilməz olsa da, təmsilçimiz bu görüşdə iki cavabsız qolla uduzub.
Ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirib. Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada “Baltsan”ın qonağı olub. Bu, eyni zamanda “Keşlə”nin hazırkı adı altında ilk avrokubok sınağı olub. Qitə səhnəsinə həm “Xəzər Universiteti”, həm də “İnter” kimi çıxan bakılılar yeni adla səfərdən uğurlu nəticə ilə dönmək əzmindəydi. Ta Qalidəki oyun həm də Maksimovun bakılılarla avrokubokda debüt görüşü idi. Amma “Qəbələ” kimi, “Keşlə” də ilk oyunda məğlub olub. Özü də böyük hesabla. Bu nəticələrdən sonra “Qəbələ” və “Keşlə”nin mərhələ adlamaq şansının çətinə düşdüyünü demək olar.
Bakıda Macarıstan “Uypeşt”i ilə qarşılaşan “Neftçi” isə qələbə qazanmağa nail olub. Hesabda geri düşməsinə baxmayaraq, paytaxt klubu əzmkar qələbəyə sevinib.
Avropa Liqası
1-ci təsnifat mərhələsi (ilk oyunlar)
12 iyul
“Qəbələ” – “Proqres” 0:2
Qollar: M.D.Almeyda, 51. O.Till, 61-pen.
Hakimlər: Vyaçeslav Banari, Vasili Ermişin, Dimitri Çiobanu, Andrey Kojakaru (hamısı Moldova).
Qəbələ şəhər stadionu.
“Baltsan” – “Keşlə” 4:1
Qollar: A.Effionq, 12. Lekao, 21. B.Kalyeviç, 33. Kadu, 55 – S.M.Kolli, 29-pen.
Hakimlər: Volen Çinkov, Georgi Doynov, Denis Sokolov, Draqomir Draqanov (hamısı Bolqarıstan).
Ta`Qali. “Çentenari” stadionu.
“Neftçi” – “Uypeşt” 3:1
Qollar: B.Dabo, 24; 71. E.Mahmudov, 90+2 – D.Naqi, 9.
Hakimlər: Denis Yohan Hiqler, Yost van Zuylen, Yohan Balder, Simen Mulder (hamısı Hollandiya).
Bakı. “Dalğa Arena”.
www.yenicag.az