“Manatlıq taksilərin “Koroğlu” metro stansiyası ətrafından yığışdırılması çoxdan etmək lazım idi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında metronun “Koroğlu” stansiyası ərazisində yaradılacaq yeni nəqliyyat mübadilə mərkəzinin orada fəaliyyət göstərən manatlıq taksilərə mümkün təsiri haqda danışan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov deyib.
Onun sözlərinə görə, söhbət onların xətdən çıxarılmasından deyil, yerlərinin dəyişdirilərək, münasib bir yerə köçürülməsindən gedir.
“Hər bir nəqliyyat mübadilə mərkəzinin yaradılması harada olmasından asılı olmayaraq, müsbət addımdır. Əgər “Koroğlu” metrostansiyası ərazisindəki körpünün altında yığışan, Milli Gimnastika Arenasının arxa tərəfdən girişinə maneə yaratmayacaq və körpünün altından Bakıxanov istiqamətinə hərəkət nəqliyyat vasitələrinə maneə törətməyəcək, “manatlıq” taksilərin oradan yığışılması müşahidə olunacaqsa, bu, artıq müsbət haldır. “Manatlıq” taksilərin “Koroğlu”dan yığışdırılmasına gəlincə, düşünürəm ki, bunu çoxdan etmək lazım idi. Lakin söhbət onların xətdən çıxarılmasından deyil, yerlərinin dəyişdirilərək, münasib bir yerə köçürülməsindən gedir. Çünki manatlıq taksilər işləyərək ailə dolandırır, bu işdən mənfəət əldə edir”, – deyə o bildirib.
R.Həsənov “manatlıq” taksilərin fəaliyyətinin dayanmasının tərəfdarı deyil:
“Əgər nəqliyyat mübadilə mərkəzində elə bir şərait yaradılarsa, artıq onlar da orada öz fəaliyyətlərini davam etdirə bilərlər. Bu zaman körpünün altında sıxlıq, tıxac da yaranmayacaq. Bu, sıxlıq və tıxacın qismən qaldırılmasına bir səbəb olacaq. “Manatlıq” taksilərin fəaliyyətinin dayanmasının tərəfdarı deyiləm. Çünki orada fəaliyyət göstərən taksilər ailələlərini bu vasitə ilə dolandırır. Fikrimcə, yığışılması da düzgün olmaz. Düşünürəm ki, günün pik saatlarında tam standarta uyğun olmayan, gigiyena nöqteyi-nəzərdən natəmiz olan, əsasən Bakıətrafı qəsəbələr istiqamətində hərəkət edən avtobuslarda yer çatışmazlığı olanda insanlar məcburiyyət qarşısında qalaraq, 40-50 qəpik artıq pul ödəməklə, 4 nəfərlə evlərinə daha rahat çatmaq imkanlarının olması da müsbət haldır”.
İsmayıl Bakuvi
www.yenicag.az