“Korrupsiya kralı” həbs edildi
Bu vaxta qədər o, ev dustağı idi və 2014-cü ilin mart ayında istintaq onun 14,5 milyard dollarlıq pul vəsaitlərinə və müxtəlif qiymətli aktivlərinə həbs qoymuşdu. Bu, kommunist Çini tarixində ən iri korrupsiya faktıdır.
Keçmiş nazir həmçinin Çin Kommunist Partiyasının sıralarından qovulub. İstintaqın versiyasına görə, Çjou Yunkan rüşvət almaq və korrupsiya ilə məşğul olmaqla yanaşı bir çox mühüm partiya və dövlət sirlərini də açıb. Həmçinin o, arvadına xəyanət etməkdə və Çin lider Si Tszinpinə sui-qəsd hazırlamaqda şübhəli bilinir.
Çin Kommunist Partiyasının bəyanatında deyilir ki, Yunkan partiya intizamını kobud şəkildə pozub. Onun hərəkətləri partiyanın imicinə ciddi zərbə vurub. Keçmiş naziri ölüm cəzası gözləyir.
Yunkan bu yaxınlara qədər Çinin ən nüfuzlu siyasətçilərindən hesab olunurdu. O, 2003-2007-ci illərdə ictimai təhlükəsizlik naziri olub, habelə Çin Kommunist Partiyasının ali siyasi orqanı olan Siyasi Büroya daxil idi.
Həmçinin Çjou Yunkan Çinin keçmiş lideri Tszyan Tszeminə yaxın fiqur hesab edilib. 2013-cü ildə korrupsiyada ittiham olunaraq ömürlük həbsə məhkum edilən Bo Silayın tərəfdaşı olub.
Bo Silay həbs olunandan sonra Yunkan da bütün postlarından uzaqlaşdırılıb, onun barəsində korrupsiya ittihamı ilə cinayət işi qaldırılıb. Keçmiş nazirlə yanaşı onun 300-ə yaxın qohumu, habelə xeyli tərəfdaşı da istintaq altındadır.
Onun Çin banklarında 6 milyard dollar, xarici banklarda 8,3 milyard dollar pulu, 300-ə yaxın villası və apartamentləri, 60-dan çox avtomobili, əntiq əşyaları, tonlarla qızıl və gümüşü, nəğd pulları, elit alkaqol kolleksiyası və s. tapılıb. Çjou Yunkan bu sərvətinə görə “korrupsiya kralı” adını alıb. (virtualaz.org)