“Əgər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri Rusiya ərazisinə qoşun göndərsələr, bu, siyasi bir qərar olacaq. Çünki Rusiya-Ukrayna müharibəsində KTMT üzvlərinin müxtəlif mövqe sərgilədiklərinin şahidi olmuşuq”.
Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Fuad Abbasov deyib.
Siyasi təhlilçi Rusiya nəşrləri tərəfindən KTMT ölkələrinin Kurskda Ukrayna ilə döyüşlərə cəlb olunması ilə bağlı yayımladıqları çağırışlara münasibət bildirib.
Onun sözlərinə görə, KTMT üzvü olan Ermənistanı misal götürsək, bu ölkə bəri başdan adıçəkilən qurumun fəaliyyətlərini qınayıb deyə, Paşinyan administrasiyasının Ukraynaya qarşı Kurska qoşun göndərməsi inandırıcı deyil:
“Bundan əlavə, Qazaxıstan da analoji addımı ata bilər. Burada Rusiyaya yeganə dəstək ola biləcək ölkə Belarusdur. Çünki Belarus lideri Aleksandr Lukaşenko ilk başdan Vladimir Putinin tərəfindədir. Hətta Lukaşenko 2020-ci ildəki prezident seçkilərinə qatıldığı zaman müxalifətin etiraz aksiyalarını xarici müdaxilə kimi qiymətləndirərək, əlinə “Kalaşnikov” avtomatını alıb oğlu ilə birlikdə sanki xarici müdaxilələrlə mübarizə aparırmış kimi mediada bir təəssürat yaratmışdı. Bu təəssüratın nəticəsində də Rusiya KTMT qoşunlarını Belarusa göndərərək, Minsk administrasiyasının yanında olduğunu vurğulamışdı. Eyni məsələni indi də Belarus Rusiya üçün tətbiq edə bilər”.
Mütəxəssis əmindir ki, digər KTMT üzvü dövlətlərə gəldikdə isə bu məsələ bir az fərqlidir:
“Məsələn, Qazaxıstan Kurska qoşun göndərsə, bütün dünyanın Qazaxıstana qarşı olan münasibəti dəyişər. Ona görə ki dünyanın bir çox ölkələri Rusiyanın Ukrayna ərazilərinə qarşı həyata keçirdiyi hərbi müdaxiləni dəstəkləmir və buna etiraz edirlər. Belə bir vəziyyətdə Ukraynanın Rusiya ərazilərinə müdaxilə etməsinə qarşılıq olaraq Qazaxıstanın KTMT qoşunları səviyyəsində proseslərə qoşulması bütün dünyanın gözündə rəsmi Astananı və Qazaxıstan kimi digər KTMT üzvü olan dövlətləri gözdən düşürə, hətta onlara qarşı sanksiyaların tətbiq edilməsinə gətirə bilər”.
“Mənə elə gəlir ki, sözügedən sanksiyaların həyata keçirilməməsi üçün KTMT ölkələrinin rəhbərləri bu məsələdə sakitliyini qorumalıdırlar. Qazaxıstan prezidenti Kasım-Jomart Tokaye ağıllı adamdır və sabiq prezident Nursultan Nazarbayevdən fərqli olaraq, demokratdır. Ona görə də Qazaxıstan başda olmaqla digər KTMT dövlətlərinin Rusiya tərəfindən Ukrayna ilə müharibədə iştirak etməyəcəklərini düşünürəm”, – deyə həmsöhbətimiz fikirlərini tamamlayıb.
Rafi Müslümov
www.yenicag.az