Yenisabah.az xəbər verir ki, bu haqda “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu dünən öz sosial şəbəkə hesabında paylaşım edib.
Naşir məlum paylaşımında bunları qeyd edib:
“Professor Fazil Qaraoğlu ilə bağlı paylaşım etdik. Kirayə qaldığı evdən çıxarılmış, bütün kitabxanası, arxivi açıq havaya, çölə atılmışdı. Alimin belə acınacaqlı halı sadə insanları çox sarsıtdı, yardım etməyə başladılar. 1, 2, 5, 10, 15, 20, 30, 50, 100, 200, 500 manat, yarım saat ərzində 3 mindən çox vəsait toplanmışdı. Bağını, evində boş mənzili təklif edənlər oldu. Aylıq, illik kirayə pulunu ödəyən çoxlu təkliflər gəldi.
Səhər tezdən Sosial Xidmət Agentliyinin nümayəndəsi professorla görüşdü.
Hələ gecə Heydər Əliyev Fondunun, səhər tezdən “Nərgiz” fondunun nümayəndəsi zəng etdi. Mənzil tapmaq və professoru yerləşdirməklə bağlı səfərbər oldular. Nəhayət ev tapıldı. Fondlar yeni mənzilin kirayə haqqını 1 il 4 aylı ödəməyi öz üzərinə götürüb. O, bu gecə isti və rahat mənzildə qalacaq.
Səhərə qədər durmadan hesaba pul gəlirdi. Bu gün hesabı yoxlayanda artıq 30 mindən çox vəsait yığılmışdı.
Millətimlə qürur duyuram. Hamınızı bağrıma basıram. Biz birlikdə güclüyük!”
Ş.Xuduoğlunun sözlərinə görə, alim “Ermənilər və həqiqətlər sənədlərdə” mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib:
“Bununla da başına bəla açıb. Ermənilər onu ölümlə hədələməyə başlayıb. Türkiyə dövləti tərəfindən xüsusi qorunmaya alınıb. Təhlükəsizliyini təmin etmək üçün Bakıya qayıdıb. 17 ildir kirayələrdə yaşayır”.
Şahbaz Xuduoğlu bundan öncə qeyd etmişdi ki, Fazil Qaraoğlunun yanına gedərək onunla söhbətləşib, alimə hoteldə qalmağı təklif etsə də, o, imtina edib. Səbəb isə əlyazmalarını, illərcə topladığı sənədləri küçədə qoyub gedə bilməməyi olub: “Adını eşidəndə getdim yanına, halını belə gördüm. Yaşadığı mənzilin kirayə haqqını verə bilmədiyindən atıblar küçəyə. Artıq 4 gecədir, küçədə gecələyir”.
www.yenicag.az