Ukrayna silahlı qüvvələri günün əvvəlindən müxtəlif istiqamətlərdə 1-2 km irəliləyib və Rusiyanın Kursk vilayətində 100-dən çox rus hərbçisini əsir götürüb.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski öz növbəsində Kursk vilayətinin Sudja şəhərində əməliyyatın başa çatması barədə dövlət başçısına məruzə edib.
Qeyd edək ki, Rusiyanın Kursk vilayətinin sərhədyanı rayonlarında vəziyyətin gərginləşməsi avqustun 6-da səhər saatlarında Ukrayna ordusunun Rusiya qoşunlarının mövqelərinə hücumundan sonra başlayıb. Sərhəd rayonlarında Rusiya və Ukrayna hərbçiləri arasında şiddətli döyüşlər davam edir, yaşayış məntəqələrində irimiqyaslı pilotsuz təyyarə hücumları qeydə alınıb.
Xüsusilə, bölgənin Sudjanski rayonunda intensiv döyüşlər gedir, lakin qonşu ərazilərdə raket təhlükəsi sireninin səsi dayanmır. Bölgədəki vəziyyət federal fövqəladə vəziyyət kimi tanınır.
Bundan əlavə, Rusiyanın üç regionunda vəziyyətin gərginləşməsi fonunda Belqorod, Kursk və Bryansk vilayətlərini əhatə edən antiterror əməliyyatı rejimi tətbiq edilib.
Kursk vilayətinin 28 yaşayış məntəqəsi Ukrayna silahlı qüvvələrinin nəzarəti altındadır, bu barədə vilayət qubernatoru səlahiyyətlərini icra edən Aleksey Smirnov bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin, təhlükəsizlik rəsmiləri və digər regionların rəhbərləri ilə görüşü zamanı bildirib.
Bu arada bir sıra rayonlarda mülki əhalinin təxliyəsi davam edir.
Rusiya Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Ukrayna ordusunun Kursk istiqamətində sutkada itkiləri 270 hərbçi və 16 zirehli texnika təşkil edib.
Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski daha əvvəl bildirmişdi ki, Ukrayna Rusiya ərazisinin 1000 kvadrat kilometrə yaxın ərazisinə nəzarət edir.
Qərargahın iclasında Sırski Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ukrayna hərbçilərinin Kursk vilayətinin bir neçə rayonunda “vəziyyətə nəzarət etdiyini” bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az