Lamiyənin süni mayalanma olayına – MÜNASİBƏT
Lamiyə Quliyevanın təcridxanada dünyaya gətirdiyi körpənin atasının kimliyi bu gün bəlli olub. Qeyd edilib ki, uşağın atası 1984-cü ildə Ağsuda anadan olan və hazırda məhbus həyatı yaşayan Rəsulov Elnur Məmmədrəsul oğludur. O, Baş Prokurorluq əməkdaşlarına ifadəsində Lamiyə Quliyevanın dünyaya gətirdiyi körpənin atası olduğunu etiraf edib. Lakin o, Lamiyə Quliyeva ilə kamerada görüşdüyünü təkzib edib. Elnur Rəsulov bildirib ki, o, Kürdəxanı istintaq təcridxanasının qadınlar üçün nəzərdə tutulan hissəsinə özünün toxum mayesini yollayıb, uşaq da bu üsulla mayalanıb.
Kürdəxanı istintaq təcridxanasında uşağın bu üsulla dünyaya gətirilməsi olayına hüqüq müdafiəçiləri və ehtiyatda olan ədliyyə generalı münasibət bildirib.
Hüquq müdafiəçisi Adəm Məmmədov deyib ki, Azərbaycan təcridxanalarının tibb müəssisələrində sünü mayalanma yolu ilə dünyaya uşaq gətirilməsi dünya praktikasında belə rast gəlinməyən bir haldır: “Heç qanunla da nəzərdə tutulmayıb. Bu barədə dəqiq məlumatı Pentensiar xidmətinin tibb baş idarəsi daha yaxşı bilər. Hüquqşunaslarda isə bir aforizm var: “Mübahisə etmirəm, amma şübhə edirəm”.
Hüqüq müdafiəçisi Namizəd Səfərov vurğulayıb ki, Azərbaycan təcridxanalarında süni mayalanma üsülü həyata keçirilmir: “Azərbaycan həbsxanalarının tibbi müəssisələrinə təsadüfi hallarda xəstələr yerləşdirilir. Qalan hallarda isə xəstələr başqa yerlərdə müalicə alırlar. Bunun xırdalıqlarını isə açıqlamıram, yəqin hər kəs yaxşı başa düşür”.
Ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamal isə qeyd edib ki, süni mayalanma elə-belə əməliyyat deyil: “Bu, çox diqqət, peşəkarlıq tələb edən bahalı əməliyyatdır. Həbsxana şəraitində onu həyata keçirmək mümkünsüzdür və qanunvericilikdə də bu cür əməliyyatların Pentensiar xidmət orqanlarında həyata keçirilməsi nəzərdə tutulmayıb”.