“Klinikamız səkkiz ildir fəaliyyət göstərir. Hər il də yoxlama keçirilir. Bu dəfə də yoxlama keçirilib, amma iddia olunan nöqsanlar absurddur”.
Yenicag.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Laser Beauty Estetik Klinikası” MMC-yə məxsus özəl tibb müəssisəsinin baş həkimi Rəna Soltanova deyib.
“Bildirirlər ki, soyuducunun dərəcəsini yarım saatdan bir ölçməliyik. Əgər mən həmin soyuducuda buz saxlayıb prosedurdan sonra dodağa qoyuramsa, o soyuducunun dərəcəsini niyə ölçüm? Biz burada kosmetoloji prosedurlar həyata keçiririk. Klinikada təmizliyə, səliqəyə fikir veririk, çalışırıq ki, buraya gələn xanımlar razı qalsınlar. Hər otaqda soyuducu var. Preparatları dolablarda saxlayırıq, çünki soyuducuda dona bilər. Digər səbəb isə əvvəlki stomatoloqun burada qalan əşyaları ilə bağlı olub. Stomatoloji otaqda cərrahi prosedur həyata keçirilməyib. Sadəcə, stomatoloqun müəyyən əşyaları burada qalıb. Burada ümumiyyətlə cərrahiyyə yoxdur. Mən həm də yazaram, bir otağımda 500-ə yaxın kitab var. İndi bu o deməkdir ki, həmin otaq kitabxanadır?”
Rəna Soltanova deyib ki, klinikada lazer epilyasiyası ustalarının və SMM işlərini həyata keçirən işçilərin tibb bacısı olmamaları da onlara nöqsan kimi bildirilib:
“Mən onlardan soruşuram ki, lazer epilyasiyası üçün hara gedirsiniz? Deyirlər, gözəllik salonlarına. Onlardan soruşdum ki, bəs deyirsiniz, gözəllik salonlarında lazer epilyasiyası etdirmək olmaz. Bəs niyə onları yoxlamırsınız? Mənə cavab verdilər ki, onların lisenziyası yoxdur deyə yoxlama apara bilmirlər. Mən də bildirdim ki, bizim lisenziyamız var deyə yoxlama aparılır və belə xırda nöqsanlar tutulur, amma onların lisenziyası yoxdur deyə heç yoxlama da apara bilmirsiniz. Sonda mənə deyiləndə ki sizin “Instagram” üçün video çəkən işçiniz də tibb bacısı olmalıdır, bu məqamda mən donub qaldım. Qanun qarşısında nə deyə bilərəm ki?! Amma mən əminəm ki, bu, belə qalmaz”.
Yoxlama zamanı nazirlik əməkdaşlarına müqavimət göstərilməsi ilə bağlı məqama gəlincə isə Rəna Soltanova bunu da təkzib edib:
“Yoxlama zamanı göstərilən nöqsanlar absurd idi. Bizə lisenziyanı Analitik Ekspertiza Mərkəzi verib. Buna görə yoxlama zamanı səslənən nöqsanlara, sadəcə, emosional reaksiya vermişəm. Onlarla ağlaya-ağlaya danışmışam. Bunu şiddət kimi qələmə veriblər”.
www.yenicag.az