Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu sığorta şirkətinin öz müştərilərinə qarşı irqi ayrı-seçkiliyə yol verdiyi üzə çıxıb.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, İngiltərənin Lester şəhərindəki sığorta şirkəti 2007-ci il istehsalı olan avtomobilini tam sığorta etdirmək istəyən 36 yaşlı Məhəmməd Butdan müsəlman və tünddərili olduğu üçün böyük miqdarda pul qoparıb.
“The Sun” qəzetinin yazdığına görə, “Admiral” sığorta şirkəti məbləğ məsələsində “ağdərili” və “Qərbli adı” daşıyan müştərilərinə ciddi güzəştlər edir. Bundan hiddətlənən Məhəmməd Butt sığorta şirkətinə yönəlik qəzəbini belə ifadə edib:
“Adım Cek, Con və Devid Smit olsaydı, ödədiyim məbləğdən daha az xərcim çıxardı”.
Nə qədər acınacaqlı olsa da, “Admiral” və ona bağlı olan “Elmas”, “Bell” və “Elephant” sığorta şirkətləri Məhəmməd adlı müştərilərindən, məsələn, Con adlı sürücülərlə müqayisədə daha çox pul aldıqlarını etiraf ediblər.
“Admiral”ın irqçi qiymət siyasətinin qurbanı olan Məhəmməd bildirib ki, ad və dəri rənginə görə tətbiq edilən bu ayrı-seçkilik nəticəsində yaranan məbləğ fərqi yüzlərlə funt sterlinq həcmindədir:
“Getdiyimiz şirkətlərin hamısı eyni nağılı danışır. Bunun tək adı var: irqçilik. Heç kəs deyə bilməz ki, Məhəmməd Condan pis sürücüdür. Şirkətdə mənə etiraf etdilər ki, istədikləri məbləğin yüksək olması sadəcə, adımla bağlıdır. Bu şərtin hansı dünyada qəbul ediləcəyini düşünürlər?”
Bununla belə, “Admiral” şirkətinin rəhbəri Devid Stivens qurumun ünvanına səsləndirilən bu ittihamla razılaşmayıb.
“M&S” şirkəti isə açıqlama yayaraq, irqçilik ittihamı üzrə təhqiqat apardığını, ancaq o iddianın təsdiqlənmədiyini bəyan edib.
www.yenicag.az