Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonunda orta məktəbdə yanğın baş verməsi barədə məlumat yayıb.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunda 273 saylı tam orta məktəbin yerləşdiyi, ümumi sahəsi 5300 m² olan ikimərtəbəli binasının dam örtüyünün yanar konstruksiyaları 120 m² sahədə və içərisinə yığılmış 15 ədəd mebel avadanlığı (stol və parta) yanıb.
Yanğın zamanı 560 nəfər (160 nəfər işçi heyəti və 400 nəfər şagird) yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
Məktəbin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
Mayın 10-u saat 13:05 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a verilən məlumata görə, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.
Şagirdlər məktəbdən təxliyə olunub, xəsarət alan yoxdur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub.
Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.
Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.
www.yenicag.az