Məmmədyarovla Lavrov arasında telefon danışığı – Nəyi müzakirə etdilər?

Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Bu barədə Yenicag.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, xarici siyasət idarələrinin başçıları cari vəziyyəti və koronavirusun yayılmasına qarşı mübarizə ilə bağlı hər iki dövlətin həyata keçirdiyi tədbirləri müzakirə ediblər.

Nazirlər gələn həftə ikitərəfli əməkdaşlıq məsələlərinin daha geniş müzakirəsini aparmağı razılaşdırıblar.

Qeyd edək ki, Rusiya koronavirusun diaqnostikası üçün Azərbaycana 70 dəst test sistemi verib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 652 000-i ötüb. Bunların 369 927 nəfəri sağalıb, 100 371 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.