!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mentalitetin öldürtdüyü qız uşaqları...

!Reklam – Yazi

Kimdən soruşsaq, “biz qıza-qadına o qədər dəyər veririk ki, eşidən insanın gözü yaşarar”, deyər. Bəs real vəziyyət necədir? O göylərə ucaltdığımız qadını qaldırıb yerə çırpan da biz deyilikmi?

Gəlinin belinə qırmızı lent bağlanılan zaman deyilən “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” xeyir-duasıyla dəyərsizləşir Azərbaycan qadını. Və ertəsi gündən başlayaraq, bəyin anası, xalalar, bibilər, nənələr gəlindən bircə-bircə yeddi oğul doğmasını gözləyir. Belə məqamda qadının əri “Cek Pot” udmaq üçün torbadan hansısa rəqəmin çıxmasını gözləyən lotereya sahibini xatırladır. Arzuolunan rəqəm çıxdısa, yəni qadın oğlan doğdusa, kişi qalibdir. Əks halda, “lotereya”nın mayası batır.

Və kişi bəxtini bir daha sınayır. Yenə “Cek Pot” udulmur. Yenə “Cek Pot”a bir gediş qalır, amma yenə kişi sevinə bilmir. Yenə, yenə, yenə… Və beləcə qadın kişinin gözündə damazlıq inəyə çevrilir. Nəticədə, kişi qızına “Yetər”, “Qızbəs”, “Kifayət” adı verməklə öz kreativliyini nümayiş etdirir. Amma az sonra kişi yenə qadına inkubator gözü ilə baxır. Daha anlamır ki, qadın heyvan deyil, insandır, insan övladıdır.

Acı gerçəyin digər tərəfi də odur ki, oğlan övladı dünyaya gətirmək üçün ömrünün yarıdan çoxunu sancı ilə keçirən qadınlarımız var. Kişi isə adicə başağrısına dözmür, əsəbiləşir, hətta buna görə evdə dava da salır.

Azərbaycan qadını təkcə doninant ərinin yox, həm də mentalitet qurbanıdır. Yəqin ki, yalnız və yalnız bizim ölkədə mamaçaların oğlan doğuzdurmaq “taksa”sı qız övladından daha çoxdur. Qadınlar həm də “kişinin oğlu olar” kimi axmaq düşüncənin qurbanlarıdır.

Sanki qadın doğduğu, arzulanmayan qızını dədəsinin evindən gətirir. Qadın buna görə söyülür, döyülür, təhqir olunur. Bəzən qadın dözmür, öz canına qəsd edir. Bəzən də ərinin təkidi ilə ən yaxşı halda uşaq küçəyə, zibil qutusuna atılır, ən pis halda isə su quyusuna… Zatən sözün bitdiyi yer də buradır. Onsuz da (bir çox hallarda…) dünyaya gəlməmişdən öncə həyatı sual altında olduğu üçün dəyərsizləşdirilir Azərbaycan qadını…
Sırf oğlan doğmadığı üçün ölkəmizdə arvadını boşayan ərlərin çoxluq təşkil etməsi də utancverici reallıqdır. Sanki kişi üçün oğlan övladı dünyaya gətirmək “MilliÖn” aparatından telefonuna kontur yükləmək qədər sadədir: operatoru seçib, pulu daxil edirsən və balansını istədiyin qədər artırırsan, vəssalam!

Kaş ki, dünyanın yaradılışından doğmaq məsələsi təkcə qadının boynuna ölçülməzdi. Bəlkə də qızdan imtina edib, oğlan övladı istəyənlər üçün növbəli sistem olmalıydı…

EMİN SƏFƏROV
Yenicag.az

www.yenicag.az

1696
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv