Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Panatinaikos” – “Qəbələ” matçı afinalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yenicag.Az xəbər verir ki, qarşılaşmadan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun oyunla bağlı fikirlərini bildirib.
Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Məğlubiyyətdən sonra oyundan razı qalmaq mümkün deyil. Bu gün isə uduzduq. Rəqibin qalib gəlməsi tam qanunauyğun idi. Hətta hesab daha böyük ola bilərdi. “Panatinaikos”un oyunu tamamilə gözlədiyimiz mənzərə idi. Həm taktiki, həm strateji cəhətdən belə oynayacağını bilirdik. Düzdür, bəzi xırda yeniliklər də var idi. Amma bizi təəccübləndirən bir məqam izləmədik. Bu gün istədiyimiz və bacardığımız kimi oynaya bilmədik. Öz üslubumuzda oynaya biləcəyimiz halda, fərqli futbol göstərdik. Məni də bu üzdü. Bu gün rəqibin ciddi üstünlüyü var idi. Lakin düşünmürəm ki, vəziyyəti düzəldə bilmərik. Çünki hətta hazırlığımızın indiki mərhələsində də biz daha düzgün oynamaq gücündəyik. Bu gün də biz fərqli oynamalı idik. Amma rəqib bizə öz futbolumuzu oynamağa imkan vermədi. Rəqibin yaxşı futbol oynadığını etiraf edirəm. Mərhələ keçmək şanslarımız var və az deyil. Bugünkü qarşılaşmanın necə keçməsinə baxmayaraq şanssız olduğumuzu demək olmaz. Biz hər görüşdə ən hazırlıqlı futbolçulara şans veririk. Ona görə də cavab matçında hansı dəyişikliklər olacağını indidən demək olmaz. Amma əminəm ki, biz fərqli oynayacağıq. Çünki bugünkü kimi oynaya bilmərik”.
www.yenicag.az