“Android” əməliyyat sistemi üçün “ai.type” adlı populyar klaviatura proqramının zərərverici olduğu məlum olub.
Yenicag.az “ICTnews”a istinadən yazır ki, mobil tətbiq gizli “kliker”ə malikdir. Fon rejimində reklam yükləyən gizli modul onlara klik edərək fırıldaqçıların pul qazanmasına şərait yaradıb. Bunun nəticəsində cihazların şarjı sürətlə azalır və mobil trafik boş yerə istifadə olunurmuş ki, bu da istifadəçilərin xərcinin artmasına səbəb olurmuş.
Həmçinin sözügedən tətbiq gizli şəkildə ödənişli onlayn xidmətlərə abunə olurmuş. “Upstream” xidmətinin ekspertləri bu zərərverici proqramın quraşdırıldığı 110 min qurğudan 14 milyon şübhəli tranzaksiya qeydə alıb. Bu proqramdan dəymiş zərərin həcmi 18 milyon dollar məbləğində qiymətləndirilib.
Bundan başqa, “ai.type” tətbiqi istifadəçilərdən media fayllara, yazışmalara, kontaktlara və elektron poçta giriş sorğuları edirmiş.
Sözügedən zərərverici proqram artıq “Google Play”dən silinib, amma buna baxmayaraq, “kliker” fəaliyyəti güclənib. Əvvəlki kimi, milyonlarla qurğu bu klaviaturadan istifadə edir.
www.yenicag.az