“Azərbaycanda korrupsiya bəzi orqanların bütün pillələrini əhatə edən sistemli bir problemdir. Dövlət subsidiyalarının təyinatına uyğun istifadə edilməməsi isə korrupsiyanın ən bariz nümunələrindən biridir. Subsidiyalar kənd təsərrüfatından tutmuş digər sahələrə qədər məqsədəuyğun istiqamətlərdə xərclənmir. Əksinə, bəzi məmurlar bu vəsaitləri şəxsi maraqları üçün istifadə edirlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
ADP lideri Hesablama Palatasının “Bakı Metropoliteni” QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırılması ilə bağlı yaydığı informasiyaları şərh edib.
Məlumata görə, audit nəticəsində müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib:
“Belə ki, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub”.
Mövzu ilə bağlı fikirlərini bölüşən S. Cəlaloğlu ilə bildirib ki, “Bakı Metropoliteni” QSC-nin sabiq mərhum rəhbəri Tağı Əhmədovdan sonra sözügedən vəzifəyə gələn Zaur Hüseynovun dövründə bu kimi hallar metroda çoxluq təşkil edib:
“Dövlətin ayırdığı subsidiyalar saxta sənədlərlə mənimsənilir. Bu mənimsəmə yalnız bir sahəyə deyil, demək olar ki, bir sıra sektorlara sirayət edib. Bakı metrosunda da korrupsiya faktları geniş yayılıb. Bir çox rəhbər şəxsin dövlət vəsaitlərini şəxsi maraqlarına yönəltdiyi məlumdur. Bundan əvvəl metro rəhbərlərindən birinin milyonlarla rüşvət aldığı və bu psixologiya ilə fəaliyyət göstərdiyi bildirilib. Korrupsiyanın bu cür sistemli xarakter daşıması dövlət qurumlarını şəxsi obyekt kimi idarəetmə mentalitetindən qaynaqlanır”.
S. Cəlaloğluna görə, korrupsiya ilə məşğul olan şəxslərin çox yüngül cəzalarla azadlığa buraxılması, digərlərinə də eyni yolu izləmək üçün stimul verir:
“Bu proses dövlət büdcəsinin talan edilməsi, əhalinin kasıblaşması və xalqla dövlət arasında ziddiyyətlərin dərinləşməsi ilə nəticələnir. Mənə elə gəlir ki, hesablama Palatası, Baş Prokurorluq, maliyyə nəzarəti orqanları və digər qurumlar bu cür korrupsiya halları ilə bağlı vaxtında müdaxilə etsələr, bu kimi qurumlar da öz fəaliyyətinə çəki-düzən verərlər”.
Rafi Müslümov
www.yenicag.az