İsrail HƏMAS liderlərini qoruyan şəxsi həbs edib.
Yenicag.az xəbər verir ki, bu barədə İsrailin “Kan 11” dövlət televiziyası məlumat yayıb. Bildirilir ki, Qəzza zolağında HƏMAS-ın yüksək rütbəli məmurlarının mühafizəsi rəhbəri İsrail təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
Həbs bir neçə ay əvvəl baş tutub, lakin bu məlumatın dərcinə yalnız cümə axşamı, fevralın 29-u axşam icazə verilib.
Həbsi dramatik əhəmiyyətli addım hesab etmək olar. Çünki söhbət Yəhya Sinuar da daxil olmaqla, HƏMAS-ın yüksək səviyyəli liderlərinin təhlükəsizliyinə cavabdeh olan şəxsdən gedir.
İstintaq zamanı o, onların olduğu yerlər haqqında qiymətli məlumatlar və ya onların harada olduqlarını müəyyən etməyə kömək edə biləcək məlumatlar verib.
Bundan əlavə, o, 7 oktyabr hücumuna hazırlıq və ondan sonrakı ilk günlərdə – həbs olunana qədər HƏMAS komandanlıq eşelonunda baş verənlər barədə xeyli danışıb.
Qeyd edək ki, İsrail kəşfiyyat xidmətlərinin məlumatına görə, HƏMAS liderləri, o cümlədən Yəhya Sinuar və onun qardaşı Məhəmməd yeraltı tunellər vasitəsilə Rafahdan Misir ərazisinə qaça bilib.
Ehtimallar var ki, onlar özləri ilə girov götürə biliblər.
Xuraman Etibarlı
www.yenicag.az