Meyxanaçılarımız İsraildə yarışdı
İsrailin şimalında yerləşən Akko şəhərində populyar meyxana janrına həsr edilmiş musiqi axşamı təşkil olunub.
Yenicag.az Azertac-a istinadən bildirir ki, meyxana ustaları Balakişi Həmzəyev və Ramiz Hüseynov məxsusi bu musiqi axşamında iştirak etmək üçün Bakıdan Akkoya gəliblər. Onlar israilli meyxanaçılar Seymur Qəniyev, Zaur Quliyev və Mehman Quliyevlə “yarışıblar”. Gecədə həmçinin “qafqazlı” populyar İsrail müğənniləri Tomer Əliyev və İlqar Mixaylov da iştirak ediblər. Meyxanaçıları gitarada Rafiq Əsədov və klavişli alətlərdə İsaq Torpiaşvili müşayiət ediblər.
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının müdiriyyətinin üzvləri: İsrailin Absorbsiya Nazirliyinin Qafqaz mənşəli sakinlərlə iş üzrə layihəsinin Akko şəhər bölməsinin əlaqələndiricisi Rauf Ağalarov və “Sholuni” mərkəzinin rəhbəri Şaul Siman-Tov da tədbirin qonaqları arasında olublar.
Xatırladaq ki, altı il bundan əvvəl Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının dəvəti ilə bakılı məşhur meyxanaçılar Tahir Ümid və Vahid Qədim İsrailə səfər etmişdi. Onlar “Badəm şərabla dolu” mahnısının “rus” versiyasının təqdimatına həsr olunmuş musiqili bayram proqramında iştirak ediblər.
Şaul Siman-Tov deyib: “Bir neçə il bundan əvvəl olduğu kimi, bu gün də İsraildə bu populyar janrın həvəskarları Bakıdan gəlmiş ifaçıları qarşılayırlar. O vaxt olduğu kimi, bugünkü görüş də yalnız “Azİz” beynəlxalq assosiasiyasının prezidenti, Knessetin deputatı Aleks Millerin sayəsində təşkil edilib. A. Miller İsraildə belə bir axşam təşkil olunması ideyasını dərhal dəstəklədi”.
Şaul Siman-Tov çıxışının sonunda təəssüflənib ki, onun fikrincə, İsraildə ən güclü meyxanaçı olan Radion Manaşirov üzrlü səbəblərə görə bu görüşdə iştirak edə bilməyib.