!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mikayıl Cabbarov, mənim şəhidimin xatirə lövhəsini niyə sökmüsən?” – 190 saylı məktəbdən reportaj + FOTOLAR

!Reklam – Yazi

Bir də ayıldım ki, nəinki illər, hətta bir qərinə belə keçib… Amma elə bil dünən idi o tarix dərsi, səs-küylü dəhlizlər, direktorumuz Sona müəllimənin zəhmli baxışları altında tutulan nitqim… Mənim üçün – yox, təkcə mənim üçün deyil, bütün “190-çılar” üçün o məktəb bir Vətən idi. Bu Vətəndə tərbiyə, tədris, sülh və əmin-amanlıq hökm sürürdü. Mənə elə gəlirdi ki, buradakı müəllimlər canfədailər ordusudur. Məktəbimizin 3-cü mərtəbəsində yerləşən müəllimlər otağı indiki kimi yadımdadır. Hər tənəffüsdə yığışar, jurnalları yazar, növbəti dərsə hazırlaşardılar. O üzlərdəki fərəhi, sevinci görmək o qədər xoş idi ki… “Sona Tağıyevanın məktəbi” – 190-nı bütün Azərbaycan bu adla tanıyırdı. Qırmızı Əmək Bayrağı ordeni almaq da hər tədris ocağına nəsib deyildi… Hər il məktəbi 5-6 şagird qızıl medalla bitirərdi. Böyük bir aydınlar, ziyalılar ordusu yetirən 190 saylı məktəb şöhrətin, uğurun zirvəsində idi. Məktəbin adlı-sanlı pedaqoqları arasında Ulu öndər Heydər Əliyevin bacısı Şəfiqə xanım Əliyeva da vardı. Bu gün Azərbaycanın mədəni və ictimai aləmində öz sözünü demiş bir çox tanınmış insan – Yaşar Nuri, Kamal Abdulla, Ramiz Əzizbəyli, Hacı İsmayılov, Ənvər Həsənov, Xanım İsmayılqızı, Afaq Məsud, İlqar Əlfioğlu, Osman Mirzəyev, Sevinc Osmanqızı, Mahir Qabiloğlu, İlqar Xəyal, Mehriban Xanlarova, Elçin Şıxlı, Nurlan Əzizbəyli, Şəbnəm Tapdıq, Zeynəb Xanlarovanın övladları, Gündüz Tahirli (M.Ə.Sabirin nəvəsi) və digər bu kimi minlərlə ziyalı insan məhz bu məktəbin yetirməsi olduğu üçün həmişə fəxr edib. Amma… sonra çox şey dəyişdi. Bizim Vətənin dadı-suyu qalmadı: onu “calaq” etdilər. Bəlkə də bu, doğru addım idi, bəlkə də başbilənlər bunu düzgün hesab edir, deyə bilmərəm. Amma bir Vətən “övladı” kimi içimdə, ruhumda bunu qəbul edə bilmirəm və mənim kimi minlərlə 190-çı da eyni fikirdədir. Bu, məsələnin başqa tərəfidir… Amma ən ağrılı tərəfləri də var ki, bunu “Müəllimlər günündə” doğma divarlarla görüşməyə getdiyim anda daha dərindən dərk etdim və açığı, sarsıldım.

Adsız, büstsüz, lövhəsiz – 190

190 saylı orta məktəb Osman Mirzəyevin adını daşıyırdı. Osman Mirzəyevin kim olduğunu yəqin ki, bilməyən yoxdur. Bizim məktəbin həm də bir şəhid oğlu vardı: Hikmət Muradov. Qıvrımsaçlı, qara gözlü Hikməti indiki kimi xatırlayıram. Məndən iki yaş böyük idi, “a” sinfində oxuyurdu. Əlaçı idi, məktəbi qızıl medalla bitirdi. Hüquqşünas olacaqdı. 1992-ci ildə könüllü cəbhəyə gedib, şəhid oldu. Məktəbin giriş qapısında onun adına xatirə lövhəsi vurulmuşdu. İçəridə isə gələnləri ömrünün 60 ilini bu məktəbə həsr etmiş, böyük insan, əvəzsiz pedaqoq, sözün əsl mənasında müəllim olan Sona Tağıyevanın büstü qarşılayardı. Bu büst onun ölümündən sonra 190-nın ziyalı yetirmələrinin təşəbbüsü ilə qoyulmuşdu və bütün məktəb kollektivi də bununla qürur duyurdu. Amma… sən demə, bütün bunlar oğuz elinin şad günləri imiş…… Çoxdan bəri ayaq basmadığım məktəb həyəti adamsızdı. Dərs vaxtıdır. Məktəbin giriş qapısına yaxınlaşıram. Bağlıdır. Qapının sol tərəfindəki lövhədə yazılıb: Bakı şəhəri, 189-190 saylı tam orta məktəb. Osman Mirzəyevin adı yoxdur… heç olmayıbmış kimi. Sol tərəfdəki lövhə yeri də boşdur: orda məktəbin şəhidi Hikmət Muradovun xatirə lövhəsi vardı. Beynimdən ancaq bir sual keçir: axı niyə???

Uzaqdan söhbət edə-edə gələn 3 qadın görürəm: müəllimlərdir. Yaxınlaşıb hal-əhval tuturam, tanıyırlar.
“190-nın şagirdləri həmişə seçilib”,- deyir müəllimə(xahiş edir ki, adını çəkməyim). Xeyir ola gəlmisiz?

– Məktəbimi yad etməyə… Müəllimlərdən kim qalıb?

– Heç kim. Bir Rizvaniyyə müəllimə burdadır. Amma müəllimlər arasında məktəbin öz yetirmələri var. – Sona xanımın büstü içəridədir?

– Məndən niyə soruşursan ki, keç bax. Amma onu da keçə bilsən.

– Bəs Hikmətin xatirə lövhəsi niyə sökülüb?

– Bax, bir jurnalist istəyirik ki, onu yazsın. Bizi kim sayır ki… Mikayıl Cabbarov məktəbləri birləşdirəndən sonra hər şeyin dadı qaçdı. Getdi o illər. İndi 190 daha heç kimə lazım deyil.

… Sonuncu dəfə hansısa sözün mənə bu qədər toxunduğunu xatırlamıram. Və qərarım qətidir: necə olursa-olsun içəri keçəcəm. Bu da 189 saylı məktəbin giriş qapısı. Sol tərəfdə məktəbin şəhid oğlunun xatirə lövhəsi asılıb. Bu ayrıseçkilik içimi titrədir. Məktəbin direktoru Ceyran xanıma ünvanlamaq istədiyim ilk sual da bu idi. Təəssüf ki, direktorun yerində olmadığını öyrənirəm. Qapıdakı gözətçinin başı söhbətə qarışdığından sola dönüb, dəhlizlə irəliləyirəm… Bəli, bu da doğma məktəbimin – 190-nın unudulmayan divarları. Məktəb büsbütün dəyişib. Hər yer par-par yanır, müasir sinif otaqları, kamera nəzarəti, mərmər döşəmə… və Sona xanımın fəaliyyətinə həsr olunmuş iki xatirə lövhəsi… Büst isə yoxdur. Görünür təmir vaxtı toz-torpağın içinə atılmış o müqəddəs “başı” bu qlamur interyerə layiq bilməyiblər. Və hazırda büstün harda olduğunu da heç kim bilmir. 3-cü mərtəbəyə qalxıram. Müəllimlər otağı əvvəlki yerindədir. Amma ordakılar “190-çıların” müəllimləri deyil. Heç o müəllimlər ola da bilməzdilər. Çünki onların üzündə qəribə bir hüzün, qəribə bir narazılıq vardı. Tanıdığım bir-iki müəllimi soruşdum, “yəqin dərsdədilər”, dedilər. Dəhlizin o başındakı sinifə doğru addımlayıram. Mənə elə gəlir ki, heç kim qarşımı kəsə, “olmaz” deyə bilməz. Qulaqlarımda Şəfiqə, Sveta, Sürəyya, Bela, Nabat, Şərqiyyə, Fizzə, Zərifə, Roza, Reyhan və başqa müəllimlərimin səsi cingildəyir, gözlərim dolur.

İkinci mərtəbəyə enirəm. Daha burada bizim o böyük kitabxana yoxdur. Yerində 3 sinif otağı düzəldiblər. Qapılardan biri açıqdır. İçəri keçib, salamlaşıram. Kompüter arxasında oturan xanım təlim-tərbiyə işləri üzrə direktor müavini Lala Pənahovadır. Hal-əhval tutub soruşuram:

“190-nın ana qapısı niyə bağlıdır?”Olduqca sərt reaksiya verir: “Hörmətli prezident, hörmətli nazir qərar verib, bu iki məktəbi – 189 ilə (rusdilli məktəb) 190 birləşib, ondan sonra da “ana-ata” söhbəti yoxdur. İmkanımız olmadığı üçün bir mühafizəçi saxlayırıq. Əsas giriş də 189 tərəfdəndir. 190-nın qapısı isə səhər tezdən bir dəfə açılır. Ümumiyyətlə siz kimsiz axı?”… “Mən 190-nın məzunuyam”, dedim.

“Mən də 189-u bitirmişəm. Voobşe-to oxranaya gərək deyəm ki…” sözünün ardını gətirmədi. “Xanım, siz oxrana nə deyirsiz –deyin, 190-nın uşaqları bu məktəbə girmək istəsələr, siz qapılara polad qıfıl da vursanız, onlar pəncərədən gələcək”, dedim…. Və sağollaşmadan çıxdım. Qulaqlarımda bu dəfə başqa səs cingildəyirdi: “Eti 190-çı nodayeli…”.

Zakirə Zakirqızı

COP29

www.yenicag.az

11176
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv