“Millət vəkilləri bu məsələdə aktivlik göstərməlidir”
“Mənim iki övladım var, hər ikisinin də toyu olub. Düzdür, süfrədə təamlar olub, amma israfçılığa yol verilməyib”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, baş nazirin sabiq müavini Vahid Əhmədov həmkarı Musa Quliyevin məmurların sadə toy və yas mərasimləri təşkil edərək, nümunə olması ilə bağlı təklifini şərh edərkən belə söyləyib.
Onun sözlərinə görə, yas və toy mərasimləri zamanı israfçılıq halları aradan qaldırılmalıdır: “Deputat həmkarım Musa Quliyevin təklifini tam dəstəkləyirəm. Hesab edirəm ki, toy və yas mərasimləri ilə bağlı məsələyə baxmağın zamanı yetişib. Yaxşı olar ki, bu məsələdə inzibati resurslardan istifadə olunmasın. İctimai maariflənmə yolu ilə cəmiyyətə təbliğ olunmalıdır ki, israfçı yas və toy mərasimlərinin təşkili yolverilməzdir. Millət vəkilləri, ictimaiyyət fəalları da bu məsələdə aktivıik göstərməli, öz əzizlərinə sadə toy və yas mərasimləri təşkil etməklə, digərlərinə də örnək olmalıdırlar”.