Milli Məclisdə Roma Papası tənqid olunub
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Roma papasının qondarma “erməni soyqırımı” haqqında bəyanatı kəskin şəkildə pislənilib.
İclasda çıxış edən Fazil Mustafa bildirib ki, haqqa və ədalətə söykənməli olan bu dini lider saxtakarlığın yanında yer alır:
“Doğurdanmı ona bəlli deyil ki, Azərbaycanın 20 faiz torpağı işğal edilib, Xocalıda qətliam törədilib. Məgər papa bunu bilmirmi? Bilirsə, niyə buna reaksiya vermir? Mən papanı haqqın və ədalətin yanında olmağa dəvət edirəm”.
Daha sonra çıxış edən Sabir Rüstəmxanlı isə bildirib ki, tarixən Roma papası qondarma “soyqırım” siyasətini dəstəkləyib: ““Soyqırım” siyasətinə önəm verənlərin əksəriyyəti elə oradan çıxıb. Roma papası yeni fəaliyyətə başlamasına baxmayaraq, “soyqırım” ilə bağlı məqsədli fikirlər səsləndirməsi müsbət hal deyil”.
S.Rüstəmxanlı qeyd edib ki, Roma papası Argentina əsillidir: “Orada isə Erməni diasporu at oynadır. Görünür, bu məsələdə pul müəyyən rol oynayıb. Tarixçilər deyirlər ki, nə vaxt bu ərazidə 1,2 milyon erməni yaşayırdı, 1 milyon erməni qətlə yetirilib? Bəs onların məzarı haradadır? İndi Argentinada yaşayan minlərlə erməni kimdir? Biz Türkiyənin yanında olmalıyıq. Milli Məclis adından müraciət etməliyik”.
Daha sonra çıxış edən Zeynəb Xanlarova isə papa haqqında müzakirələrin vacib olmadığını bildirib: “Burada çox papa, papa deyirlər. Mən belə hesab edirəm ki, qırxı çıxmış papa haqqında danışmağa dəyməz, çünki onun ətrafı bizə qarşı olan insanlardır”.
Digər millət vəkilləri də Roma papasının bəyanatını pisləyib və bunu dini liderə yaraşmayan hərəkət olduğunu bildiriblər(trend).