Milyonluq tenderlərin qalibi olan şirkətdə İDDİA: İşçiləri müqaviləsiz işlədiblər
İşğaldan azad edilmiş Ağdərə rayonunda tikinti işləri aparan “Təməl Tikinti” MMC qanunsuzluqla gündəmə gəlib.
Yenicag.az xəbər verir ki, şirkət xeyli sayda işçini əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi üçün külli miqdarda cərimələnib.
Qanunsuzluq faktı “Təməl Tikinti” MMC-nin əməkdaşı Kamal Əliyevin öz ehtiyatsızlığı nəticəsində iş yerində xəsarət alması ilə ortaya çıxıb. Hadisə ilə bağlı Xocalı rayon prokurorluğunda aparılan araşdırma zamanı məlum olub ki, şirkətdə çoxsaylı işçi əmək müqaviləsi olmadan fəaliyyət göstərir.
Bu, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin (Əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi) tələblərinin kobud şəkildə pozulması deməkdir. Məhkəmənin qərarı ilə şirkətin qanuni təmsilçisi Bəylər Abdullayev 20 min manat məbləğində cərimə olunub.
Qeyd edək ki, 2020-ci ildə yaradılan “Təməl Tikinti” MMC-nin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir. Maraqlıdır ki, bu şirkət son 5 il ərzində dövlət qurumlarının, o cümlədən “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi milyonluq tenderlərin qalibi olub.
Şirkət rəhbərliyi isə məhkəmədə işçilərin iş şəraiti ilə tanış olduqdan sonra müqavilə bağlandığını iddia edərək özlərini müdafiə etməyə çalışıb. Lakin məhkəmə faktiki pozuntunu təsdiqləyərək cərimə qərarını qüvvədə saxlayıb./qaynarinfo/













