Bir çox dövlət qurumlarının mətbuat xidmətlərinin varlığı ilə yoxluğu bilinmədiyi kimi, rəsmi saytlarının da fəaliyyətsiz olduğu heç kimə sirr deyil.
Yenicag.az xəbər verir ki, ölkə mediasında bəlkə də ən az adı hallanan qurumlardan biri Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyidir.
Bu Agentlik ölkənin ən önəmli qurumlarından biridir. Ancaq belə bir qurumun mətbuat xidmətinin olub-olmaması barədə heç bir məlumat yoxdur.
Azərbaycan müharibə şəraitində yaşayır. Düşmən tərəf isə nəinki torpaqlara, Azərbaycanın bütün dəyərlərinə göz dikib. İndiyədək neçə mahnıları, neçə əsərləri öz adlarına çıxardıqlarını hər birimiz bilirik.
Hesab edək ki, bir Azərbaycan vətəndaşı bu cür halla rastlaşır. Təbii ki, müraciət edəcəyi yer bəllidir – Müəllif Hüquqları Agentliyi. Bəs Agentlik bu işlə necə məşğul olur?
Agentiyin rəsmi saytında telefon nömrələri – (+994-12) 493-39-44, 493-66-87, 493-33-89 və E-mail: [email protected] yerləşdirilib. Nömrələrə zəng etdikdə ya cavab verilmir, ya da cavab veriləndə E-mail ünvanımıza və ya məktub bölməsinə yazın deyirlər.
Bu normal ola bilərdi, o zaman ki, E-mail ünvanına göndərilən sorğulara cavab verilsin. Məktub bölməsi isə ümumiyyətlə başlı-başına biabırçılıqdır.
Müəllif Hüquqları Agentliyinə məktub göndərmək üçün boş xanaları doldururuq. Göstərilən təhlükəsizlik kodunu da olduğu kimi yazırıq. Göndər düyməsinə vururuq. Ancaq məktub bölməsinin üstündə yazılır ki, təhlükəsizlik kodu yanlışdır. Dəfələrlə cəhd edirik, ancaq hər dəfə eyni problemlə qarşılaşırıq.
Məlum olur ki, saytın bu bölməsi ümumiyyətlə heç vaxt fəaliyyət göstərməyib. Görünən odur ki, qurumun adında “agentlik” sözünün olması rəhbərlik tərəfindən səhv anlaşılıb. Elə başa düşüblər ki, qurumun adında bu söz varsa, onların fəaliyyəti məxfi olmalı, gün üzünə çıxmamalıdır.
Qurumun rəsmi saytında məktub bölməsindəki problemlər azmış kimi ana səhifədə yuxarı sağ küncdə verilən Azərbaycan xəritəsi təhrif edilib. Belə ki, xəritənin aşağı hissəsi Naxçıvan Muxtar Respublikasıyla eyni düz xətt üzrə kəsilib. Nəticədə cənub bölgəsində yer alan Yardımlının bir hissəsi, Lerik, Lənkəran və Astara rayonları xəritədən silinib.
Görünən odur ki, Azərbaycanla bağlı bütün müəlliflik hüquqlarını qorumalı olan qurum ölkənin bir neçə rayonunu cənub qonşumuza “hədiyyə” edib.
Rəsmi saytında ölkə xəritəsini təhrif edən bir qurumun digər sahələrdə müəllif hüquqlarını necə qoruyacağı da sual doğurur.
Səxavət Məmməd
www.yenicag.az