Münhendə hansı mesajlar verildi? - Təhlükəsizlik Konfransından QEYDLƏR…
Üç gün davam edən 62-ci Münhen Təhlükəsizlik Konfransı yekunlaşdı. Fevralın 13-də başlayan toplantıda dünyanın müxtəlif ölkələrindən prezidentlər, baş nazirlər, nazirlər və yüksək səviyyəli rəsmilər bir araya gələrək qlobal təhlükəsizlik məsələlərini müzakirə etdilər.
Konfrans boyunca əsas mesaj Avropanın daha müstəqil olması və beynəlxalq nizamın yenidən formalaşdığı oldu.
Açılışda sərt mesajlar
Konfransı Almaniya kansleri Friedrich Merz açdı. O bildirdi ki, qaydalara əsaslanan dünya nizamı artıq əvvəlki kimi işləmir. Merz ABŞ ilə Avropa arasında fikir ayrılıqlarının dərinləşdiyini dedi. O, həmçinin Almaniyanın Fransa ilə nüvə çəkindiriciliyi sahəsində əməkdaşlığa başlamaq üçün danışıqlara başladığını açıqladı.
Günün sonunda Fransa prezidenti Emmanuel Macron çıxış etdi. Makron Avropanın yeni geosiyasi şəraitdə güc mərkəzinə çevrilməli olduğunu vurğuladı. O, Rusiya-Ukrayna müharibəsindən sonra Avropada silahlanma prosesinin başladığını və bunun daha da sürətləndirilməsinin vacib olduğunu dedi.
ABŞ: Birlik və ya təkbaşına yol
Konfransın ikinci günündə ABŞ dövlət katibi Marco Rubio çıxış etdi. O, ABŞ-ni “Avropanın övladı” adlandırdı və yeni qlobal düzənin qurulduğunu bildirdi. Rubio bu prosesi Avropa ilə birlikdə aparmaq istədiklərini, lakin lazım gələrsə təkbaşına da hərəkət edə biləclərini söylədi. O, BMT kimi qurumların ləğvinə yox, islahatına ehtiyac olduğunu qeyd etdi.
ABŞ-nin Kaliforniya ştatının qubernatoru Gavin Newsom isə çıxışında Donald Trampın müvəqqəti siyasi fiqur olduğunu və bir neçə il sonra hakimiyyətdə olmayacağını dedi.
Çin və Avropa arasında mesajlaşma
Çinin xarici işlər naziri Wang Yi Avropa İttifaqı ilə rəqib yox, tərəfdaş olduqlarını bildirdi. O, tərəfləri tək tərəfli qərarlara və blok qarşıdurmasına qarşı birgə mövqe tutmağa çağırdı.
Ardınca Avropa Komissiyasının sədri Ursula von der Leyen çıxış etdi. O, Avropanın daha müstəqil olması gerektiğini dedi. Von der Leyen müdafiə xərcləri üçün 800 milyard avroluq yeni planın hazırlandığını açıqladı və Ukraynaya 90 milyard avro ayrıldığını xatırlatdı.
“Müharibəyə hazır olmalıyıq”
Böyük Britaniyanın baş naziri Keir Starmer Avropanın öz dəyərlərini qorumaq üçün müharibəyə hazır olmalı olduğunu dedi. O, Britaniyanın Arktika və Şimal qütbü bölgəsinə hərbi qüvvə göndərəcəyini açıqladı.
Ukrayna prezidenti Volodomir Zelenski isə çıxışında Rusiyanı sərt tənqid etdi. O bildirdi ki, ölkəsində demək olar ki, salamat qalan elektrik stansiyası yoxdur. Zelenski Qərbdən yenidən hava hücumundan müdafiə sistemləri istədi və Ukraynanın bölünməsi ilə sülhün mümkün olmayacağını vurğuladı.
İspaniya və Avropa ordusu ideyası
İspaniyanın baş naziri Pedro Sanchez ABŞ-nin növbəti on ildə nüvə layihələrinə ayıracağı böyük vəsaitə diqqət çəkdi. O, Avropa ordusunun yaradılmasının vacib olduğunu dedi və ölkəsinin hərbi xərclərini üç dəfə artırdığını açıqladı.
ABŞ–Suriya görüşü və diqqət çəkən məqam
Konfrans çərçivəsində ABŞ və Suriya nümayəndə heyətləri arasında da görüş keçirildi. ABŞ heyətinə Marco Rubio rəhbərlik etdi. Suriya tərəfdə isə SDG rəhbərlərindən Mazlum Abdi və Ilham Ahmed də yer aldı.
Pehlevinin çağırışı
İranın sabiq şahının oğlu Reza Pahlavi də Münhendə keçirilən mitinqdə çıxış etdi. O, İrandakı etirazların davam etdirilməsinə çağırdı. Qızı Nur Pehlevi isə ABŞ-ni İranla danışıqlara getməməyə çağırdı.
İlham Əliyevin Münhen görüşləri
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev bir sıra yüksək səviyyəli görüşlər keçirib. Dövlət başçısı Ukrayna Prezidenti Volodomir Zelenski, İraq Kürdüstan Regionunun rəhbəri Nechirvan Barzani, Bolqarıstanın vitse-prezidenti Iliana Yotova, Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kaliňák, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas, “Oracle” şirkətinin baş icraçı direktoru Safra Catz, Bundestaqın Xarici Siyasət Komitəsinin sədri Armin Laschet və “Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Jared Cohen ilə görüşərək regional təhlükəsizlik, enerji əməkdaşlığı, iqtisadi tərəfdaşlıq və Cənubi Qafqazdakı son vəziyyət ətrafında fikir mübadiləsi aparıb. Görüşlərdə Azərbaycanın enerji və nəqliyyat layihələri, Avropa ilə strateji tərəfdaşlıq və post-münaqişə dövründə bölgədə sabitliyin möhkəmləndirilməsi məsələləri əsas müzakirə mövzuları olub.
Yekun mesajlar
Konfransın son günündə Danimarka baş naziri Mette Frederiksen ABŞ-nin Qrenlandiya ilə bağlı marağının dəyişmədiyini dedi və ölkəsinin ərazi bütövlüyünün “qırmızı xətt” olduğunu vurğuladı.
Sonda Münhen Təhlükəsizlik Konfransının rəhbəri Wolfgang Ischinger çıxış edərək Rusiyaya təzyiqlərin artırılmasının vacibliyini bildirdi. O, Ukraynaya hava hücumundan müdafiə sistemlərinin təcili şəkildə çatdırılmasının əhəmiyyətini vurğuladı.
Üç günlük müzakirələrin ümumi nəticəsi belə oldu: Dünya yeni mərhələyə keçir, Avropa isə bu mərhələdə daha güclü və müstəqil oyunçu olmağa çalışır. Olub ola bilməyəcəyini isə zaman göstərəcək.
Amir Aqiloğlu













